Pomidoru niyə bişirib yemək lazımdır?

  • 2024.04.08 15:15
  • 453 Baxış
Pomidoru niyə bişirib yemək lazımdır?
Bişirilərək yeyilən pomidor ürək-damar sağlamlığını yaxşılaşdırır.

Medicina.az xəbər verir ki, mütəxəssislər pomidora qırmızı rəng verən təbii boya olan likopenin antioksidant xüsusiyyətlərə malik olduğunu diqqətə çatdırıblar.

Bu maddə ürək-damar sisteminə müsbət təsir edir, qan damarlarının elastikliyini artırır və qan laxtalanması riskini azaldır.

Bildirilib ki, ən çox likopen yetişmiş pomidorun qabığında olur. Digər bir çox tərəvəzi bişirdikdə ehtiva etdiyi vitamin və minerallar azalır. Lakin pomidorun tərkibindəki likopendən yararlanmaq üçün onu qabıqlı halda bişirmək lazımdır. Çünki bu zaman likopen miqdarı artır. Pomidorun bişirilməsi ilə əldə edilən pomidor şirəsi, tomat pastası, pomidor sousu kimi qidalar buna görə də çox faydalı hesab edilir.

Odur ki, qidalanma üzrə ekspertlər evdə, təbii şəkildə hazırlanmış tomat pastasından yeməklərdə istifadə olunmasını dəstəkləyirlər.

Bundan əlavə hər iki gündən bir 1 stəkan pomidor şirəsi içmək tövsiyə olunur. Duz, şəkər miqdarını az etməklə konservantsız tomat şirəsi çox yararlıdır.

Alimlər pomidoru çiy və ya bişmiş halda yeməkdən asılı olmayaraq onun qabığını əsla soymamağı tövsiyə edirlər.

Qeyd olunur ki, likopenin ən çox olduğu məhsul isə günəşdə qurudulmuş pomidordur. Bu məhsulu salatlara və yeməklərə əlavə edərək, likopenin faydalarından yararlanmaq olar.


Aysel