Son illərdə kişilər arasında qarın nahiyəsində piylənmə – yəni “qarın böyüməsi” çox yayılıb. Bir çox insan bunu sadəcə estetik problem hesab edir. Halbuki tibb mütəxəssisləri bildirir ki, qarın nahiyəsində yığılan piylər-visserial piy bədənin ən təhlükəli yağ növü hesab olunur.
Bu piylər daxili orqanların ətrafında toplanır və müxtəlif xəstəliklərin riskini artırır.
Medicina.az bel çevrəsi piyli və qarını böyük kişiləri gözləyən təhlükələri açıqlayır.
1. Ürək- damar xəstəlikləri
Qarın piylənməsi ürək-damar sisteminə ciddi təsir edir. Bel nahiyəsində artıq yağ olduqda qan damarlarında xolesterin yığılması artır və nəticədə ürək xəstəliklərinin riski yüksəlir.
2. Yüksək qan təzyiqi
Böyük qarın qan dövranını çətinləşdirir və bədəndə təzyiqin yüksəlməsinə səbəb ola bilər. Uzun müddət davam edən yüksək təzyiq isə ürək və beyin üçün təhlükəlidir.
3. Şəkər xəstəliyi riski
Qarın piylənməsi insulinə qarşı müqaviməti artırır və bu da zamanla şəkər xəstəliyinə səbəb ola bilər. Xüsusilə orta yaşlı kişilərdə bu risk daha yüksəkdir.
4. Qaraciyərin piylənməsi
Qarın nahiyəsində toplanan yağlar tez-tez qaraciyərdə də piylənmə yaradır. Bu vəziyyət zamanla qaraciyərin fəaliyyətini zəiflədə bilər.
5. Cinsi zəiflik və hormon problemləri
Qarın piylənməsi kişilərdə testosteron hormonunun azalmasına səbəb ola bilər. Bu isə libido azalması, cinsi zəiflik və enerji çatışmazlığı ilə nəticələnə bilər.
6. Oynaq və bel ağrıları
Artıq çəki və qarın piyləri bel və diz oynaqlarına əlavə yük verir. Bu səbəbdən belə kişilərdə bel ağrısı və hərəkət çətinliyi daha çox müşahidə olunur.
7. Yuxu problemləri
Qarın piylənməsi yuxu zamanı nəfəsin qısa müddət dayanması ilə xarakterizə olunan Yuxu apnesi riskini də artırır. Bu isə gecə yuxusunun keyfiyyətini azaldır və gündüz yorğunluq yaradır.
Qarın piylərini azaltmaq üçün nə etmək lazımdır?
• Şəkərli və unlu qidaları azaltmaq
• Axşam saatlarında ağır yeməklərdən uzaq durmaq
• Həftədə ən azı 3–4 dəfə fiziki aktivlik etmək
• Spirtli içkiləri məhdudlaşdırmaq
• Kifayət qədər yuxu almaq
Unutmaq olmaz ki, kişilərdə qarın ətrafının ölçüsü sağlamlığın mühüm göstəricilərindən biridir. Əgər bel çevrəsi 102 santimetrdən çoxdursa, bu artıq sağlamlıq üçün risk siqnalı hesab olunur.
Aygün Musayeva