Qazaxıstan vaksin istehsalına başladı

  • 2021.04.22 21:17
  • 1624 Baxış
Qazaxıstan vaksin istehsalına başladı
Qazaxıstan vaksininin yaradılması ölkəmizə koronavirus infeksiyasına qarşı öz peyvəndlərini yaratmış dünyanın ilk beş dövləti sırasına daxil olmağa imkanı verdi. Bu, təkcə əhalinin sağlamlığı məsələsi deyil, eyni zamanda milli elmin potensialının və müasir texnologiyaların biofarmasevtikada praktik tətbiqinin, dövlətin nüfuzunun sübutudur.

Medicina.az xəbər verir ki, bunu Qazaxıstanın baş nazirinin müavini Eralı Tuqjanov ölkənin milli “QazVak” vaksininin paylanılması mərasimində iştirakı zamanı deyib.

Tuqjanovun sözlərinə görə, ilk 50 min doza vaksin regionlardakı səhiyyə idarələrinə göndəriləcək. Aprelin 26-dan isə ölkə üzrə peyvəndləmə prosesi başlayacaq.

“Mayda növbəti 50 min doza buraxılacaq. Daha sonra vaksin istehsalı mərhələli şəkildə ayda 500-600 min dozaya çatdırılacaq. Milli vaksin Ümumdünya Səhiyyə Təşkilatının reyestrindən keçib. Tam təhlükəsizliyi sübut edilib, vaksin koronavirus infeksiyasına qarşı güclü immunitet yaradır. Peyvəndin daha bir üstünlüyü vaksinlə əlaqəli xəstəliklərin olmamasıdır. Bundan əlavə, “QazVak” peyvəndinin çatdırılma prosesi zamanı kompleks soyuducu qurğulara ehtiyac yoxdur, müsbət 2-8 dərəcə bir temperaturda nəql oluna bilir”, - Tujqanov bildirib.