Qızılca peyvəndi kimlər oluna bilər - TƏBİB-dən açıqlama

  • 2023.12.01 13:11
  • 1389 Baxış
Qızılca peyvəndi kimlər oluna bilər   - TƏBİB-dən açıqlama


Qızılcaya yoluxmuş və ya iki doza vaksin qəbul etmiş şəxslərin yenidən peyvənd olunması tövsiyə edilmir.


Bakupost.az xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva mətbuata açıqlamasında deyib. O bildirib ki, vaksinasiya əhalinin bütün yaş qrupları üçün tövsiyə edilir:
"Tibbi olaraq yetkin şəxslər üçün vaksinasiyaya əks göstəriş yoxdur. Əgər kimsə uşaqlıq dövründə vaksin alıbsa, yenidən peyvənd olunmağına ehtiyac yoxdur".

Nəzrin Mustafayeva qeyd edib ki, qızılca xəstəliyi virus mənşəlidir və əsasən, uşaqlıq dövrü xəstəliklərinə aiddir:

"Bu xəstəlik üçün spesifik müalicə üsulu mövcud deyil. Xəstələr adətən evdə izolyasiya olunaraq sağalırlar. Qızılcaya qarşı yeganə effektiv yol peyvənddir ki, bu da milli peyvənd təqviminə daxil edilib".

O bildirib ki, tək-tək də olsa, qızılcaya yoluxmuş şəxslər arasında ağırlaşmalar müşahidə edilir:


"Bu ağırlaşmalar bütün hallarda peyvənddən kənarda qalmış şəxslərdir. Bu şəxslərin, xüsusilə də ağırlaşma halları üçün lazım olan bütün şərait və resurslar mövcuddur. Bakı, Sumqayıt şəhərində və regionlarda yoluxucu xəstəxanalar, çarpayılar mövcuddur. Bütün resurslarımız səfərbər edilib. Bütün səhiyyə qurumları hazırda xəstəliyə qarşı mübarizədə sıx əməkdaşlıq etməkdədirlər".