Qorxmağa səbəb yoxdur - Məşhur alimdən yeni ştamm AÇIQLAMASI

  • 2021.12.01 15:59
  • 2643 Baxış
Qorxmağa səbəb yoxdur -  Məşhur alimdən yeni ştamm AÇIQLAMASI
Yeni “Omikron” variantından qorxmağa ehtiyac yoxdur. Virusun çox fərqli mutasiyalarının olduğunu bilirik. Yeni mutasiyalarda vaksinin effektivliyi azalsa da, ciddi xəstəliklərdən qoruduğunu bilirik. Peyvənd xəstəliyin ağır gedişindən qorunma təmin edir. O, həm də xəstəliyin ağır gedişatına qarşı qorunma təmin etdiyi üçün inam verir. Biz ona da əminik ki, üçüncü peyvənd dozasından sonra qorunma kifayət qədər yaxşılaşır.

Medicina.az xəbər verir ki, bu sözləri tanınmış professor Uğur Şahin Almaniyanın Mainz şəhərində keçirilən 25-ci Aydın Doğan Vəqfi Mükafat Mərasimi öncəsi deyib.


O, həyat yoldaşı Özlem Türeci ilə birlikdə jurnalistlərin suallarını cavablandırıb. Peyvəndin iki səviyyədə qoruma təmin etdiyini deyən Şahin birincinin antikor, ikincinin isə T-hüceyrələri adlanan immun hüceyrələr olduğunu ifadə edib:

“Peyvənd olunmayanlar arasında yoluxuculuq sürəti artıb. Həmin şəxslərdə yoluxmaların sayı peyvənd olunanlarla müqayisədə 8 dəfə çoxdur. Gücləndirmə dozası tələb olunur. Xüsusilə müəyyən yaş qrupu üçün. Ümumiyyətlə, 3-cü doza bütün əhali üçün lazımdır. 20 dəfə daha çox qorunma təmin edir. Üçüncü doza ilə 97% qorunma təmin edilir. “Omikron”dan asılı olmayaraq üçüncü dozanı mümkün qədər tez vurdurmağı məsləhət görürük”.

Uğur Şahin aparılan araşdırmalara görə peyvəndin əks təsirinin olmadığına diqqət çəkib:


“Xərçəng xəstələrinə mRNT əsaslı peyvəndlər vurulur. Biz görürük ki, əks təsir yoxdur. Biz bunu onlarla xərçəng xəstəsinə tətbiq etmişik. Apardığımız araşdırmalar zamanı əks təsir qeydə alınmayıb. İnsanların sualları və şübhələri ola bilər. Ona görə də saxta xəbərlərə qarşı daha çox maarifləndirmə işləri aparılmalıdır. Maarifləndirmək üçün yeni yollar, fərqli anlayış istifadə etmək lazımdır”.