Əylənmək üçün ''Qorxu evi''nə gedən yeniyetmənin yıxılaraq ağır xəsarət aldığı, başına 11 tikiş qoyulduğu bildirilir.
İddialara görə, hadisə bir neçə gün əvvəl paytaxtın Səbail rayonunda, ''Phobia Games''də baş verib.
Medicina.az Xezerxeber.az-a istinadən xəbər verir ki, üzünün görünməsini istəməyən zərərçəkmiş, 15 yaşlı Nigar Mustafayeva deyir ki, rəfiqəsi ilə birlikdə əyləncə mərkəzinin qorxu evinə gedib. Onlar ödəniş etdikdən sonra yaşlarına uyğun olan kateqoriyalı oyunu seçiblər. Bütün olanlar da obyektin müşahidə kameralarına da düşüb. Zərərçəkmiş yeniyetmə iddia edir ki, videolarda da bu hal açıq şəkildə görünür.
''Biz içəridə olanda oyun gedirdi. Mənə dedilər ki, 5 saniyə qalıb. Halbuki aktyor orada danışmamalıdır, üstəgəl, oradakı şkafın qapısı da açıq idi. Hansı ki, bağlı olmalıdır. Arxadan məni itələdi, yıxlıdım yerə, özümdən getdim. Bir də gördüm ki, içəri kimsə girdi və mən üzüstə yerdə idim. Administrator üzümə baxdı, nalayiq ifadə ilə dedi ki, bu nə günə düşüb''.
Zərərçəkmiş onu da iddia edir ki, aktyorlar onlarla oyunun qaydalarına uyğun davranmayıblar. Qızın rəfiqəsi hadisədən sonra təcili yardıma xəbər verib. Hadisə yerinə gələn briqada Nigar Mustafayevanı xəstəxanaya aparıb.
Zərərçəkmişin valideynləri bildirir ki, hadisədən sonra ''Phobia Games'' rəhbərliyi nə onlarla əlaqə saxlayıb, nə də azyaşlının vəziyyəti ilə maraqlanıb.
Hadisənin baş verdiyi qorxu evinə getdik. Həqiqətənmi oyun zamanı akytorlar yeniyetmələrə qarşı zor tətbiq edib? Bu sualımızı inzibatçıya ünvanladıq.
İnzibatçı Nihat Nuri belə dedi: “Aktyor heç bir halda itələmir. Aktyor öz vəzifəsini yerinə yetirəndə qızı qorxudub. Qız vəlvələyə düşüb, yıxılıb və başı şkafa dəyib. Onlar deyir ki, hadisədən sonra bir dəfə də mənimlə maraqlanmadılar. Xeyr, maraqlanmışıq, direktorumuz hətta xəstəxana xərclərini də öz üzərinə götürüb, sadəcə, onların tələbi çox olduğundan biz onlarla razılaşmadıq”.
Zərərçəkmişin valideynləri polisə də məlumat veriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirdi ki, tərəflər polisə dəvət edilərək ərizə və izahatları alınıb: “Xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib, araşdırmalar davam etdirilir”.