Qurban bayramı təkcə ibadət deyil, həm də paylaşma, bolluq, süfrə bayramıdır.
Qurban əti düzgün saxlanmazsa sağlamlıq üçün ciddi risklər yaradar.
Medicina.az xəbər verir ki, cəmiyyətdə qurban ətinin saxlanması ilə bağlı yanlış məlumatlar kifayət qədər yayılıb. Bəziləri əti dərhal torbaya qoyub soyuducuya qoyursa, bəziləri çiy ətin yuyulduqdan sonra saxlanmasının daha gigiyenik olduğunu düşünür.
Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bunlar ciddi qida zəhərlənməsinə səbəb ola bilər. Xüsusilə isti havalarda düzgün soyudulmayan ətlərdə çox qısa müddətdə zərərli mikroorqanizmlər çoxalır.
1. Əti kəsən kimi soyuducuya qoymayın. Kəsdikdən sonra ət 3-4 saat sərin və kölgəli yerdə qalmalıdır. Əks halda ət sərtləşir və həzm olunması çətinləşir. Dinlənmədən soyuducuya qoyulan ət həm xarab olur, həm də dadını itirir.
2. Düzgün temperaturda saxlayın. Soyuducuda 0-4°C-də maksimum 1-2 gün, dondurucuda -18°C-də 6 aydan 1 ilə qədər saxlanıla bilər. Bununla belə, ərimiş ət yenidən dondurulmamalıdır.
3. Əti kiçik parçalara ayırın və etiketləyin. Saxlamadan əvvəl ətin yemək hissələrinə bölünməsi həm ərimə prosesini asanlaşdırır, həm də israfın qarşısını alır. Hansı paketin nə vaxt dondurulduğunu yazmaq vacibdir.
4. Müvafiq qablaşdırmadan istifadə edin.
Ət soyuducu torbalarda, vakuum qablaşdırmada və ya qida saxlama qablarında saxlanmalıdır. Zibil torbaları kimi zərərli olan materiallardan çəkinin.
5. Ərimə prosesində tələsməyin
Dondurucudan çıxarılan ət soyuducuda yavaş-yavaş əridilməlidir. Otaq temperaturunda əritmək və ya suya qoymaq bakteriya riskini artırır.
Aygün
Medicina.az