Çox insan bu hissi ən azı bir dəfə yaşayıb: qəfil, sancıyan, kəsici, sanki bıçaqla ürəyə saplanan ağrı.
Bəzən bir neçə saniyə çəkir, bəzən təkrarlanır və keçib gedir. Amma bu əlamət düşündüyünüz qədər günahsız olmaya bilər.
“Medicina” xəbər verir ki, kardioloq Sahilə Tacəddinova belə ağrıların arxasında ölümcül bir xəstəlik – aorta disseksiyası dayana biləcəyini deyib:
“Xəstələr tez-tez “sanki bıçaq saplandı” deyə müraciət edir. Bu, aortanın disseksiyası adlanan çox təhlükəli xəstəliyin əlaməti ola bilər. Bu zaman aorta damarının daxili qatları bir-birindən aralanır və qan həmin boşluqlara dolur. Qalxan aortanın disseksiyası daha təhlükəlidir və yalnız təcili əməliyyatla həyat xilas edilə bilər”.
Diqqətli olun: ağrı keçsə belə, yoxlanmaq vacibdir.
Bu cür sancı və kəsmə hissi bəzən keçici ola bilər. Amma əgər bir dəfə belə yaşanıbsa, bu halın səbəbini dərindən araşdırmaq lazımdır. Aorta disseksiyası çox vaxt qəfil və xəbərdarlıq etmədən baş verir.
Əsas simptomlar nələrdir?
• Qəfil, kəskin və yandırıcı döş qəfəsi ağrısı
• Ağrının çiyinlərə, kürəyə və ya boyuna yayılması
• Tənəffüs çətinliyi
• Tərləmə, halsızlıq
• Təzyiqdə ani dəyişiklik
Bu simptomlar varsa və xüsusilə ağrı “bıçaqla saplanma” kimi hiss edilirsə, vaxt itirmədən həkimə müraciət etmək həyati əhəmiyyət daşıyır.
Aygün Musayeva
Medicina.az