Sumqayıtda toyda kovid xəstəsi aşkarlandı

  • 04 Noy 2021 17:05
  • 319 Baxış
Sumqayıtda toyda kovid xəstəsi aşkarlandı
Sumqayıtda keçrilən toy məclislərində vaksin olunmadan iştirak etmək istəyən 387 nəfər aşkar edilərək geri qaytarılıb, 1 nəfər aktiv koronavirus xəstəsinin isə toyda iştirak etməsinin qarşısı alınıb.

Medicina.az xəbər verir ki, DİN Mətbuat xidmətindən verilən məlumata görə, ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbiri görülüb.

Peyvənd olunmadan, yəni 2-ci dozanı qəbul etmədən taksi fəaliyyəti ilə məşğul olan sürücülər də saxlanılıblar. Həmin sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb. İctimai nəqliyyatda pandemiya qaydalarını pozan ümumilikdə 39 sürücü və sərnişin barədə inzibati protokol tərtib edilib.

Tədbir zamanı Sumqayıt şəhərində yerləşən qapalı məkanlar, iri ticarət mərkəzləri, kinoteatrlar və digər ictimai iaşə obyektlərində də sanitar-karantin qaydalarına əməl olunmasına nəzarət gücləndirilib. Yoxlamalar zamanı şəhər ərazisində yerləşən iri marketlərdən birində sanitar-gigeyenik qaydalara əməl olunmadığı, yəni müştərilərin obyektə daxil olan zaman onların hərarətinin ölçülmədiyi və əllərinin də dezinfeksiya olunmadığı, həmçinin xidməti personalın maskadan düzgün istifadə etmədiyi aşkar edilib. Həmin obyekt barəsində polislər tərəfindən inzibati qaydada tədbir görülüb.

Şəhər ərazisində yerləşən şadlıq saraylarında da yoxlamalar aparılıb. Pandemiyanın qaydalarına əməl edilmədiyi məkanlarda qeydə alınan neqativ hallarla bağlı müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, son 10 gün ərzində Sumqayıt şəhərində keçirilən toy məclislərində vaksin olunmadan iştirak etmək istəyən 387 nəfər aşkar edilərək geri qaytarılıb. Bu yoxlamalar zamanı axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib, 1 nəfər aktiv koronavirus xəstəsinin isə toy məclisində iştirak etməsinin qarşısı alınıb.