Süni dadlandırıcılarla bağlı bu mif dağıdıldı

  • 2024.03.30 11:00
  • 480 Baxış
Süni dadlandırıcılarla bağlı bu mif dağıdıldı
Alimlər daha bir mifi dağıdıblar.

Medicina.az-ın xarici mediaya istinadən məlumatına görə, məlum olub ki, aspartam və sukraloza kimi şəkər əvəzediciləri əvvəllər düşünüldüyü kimi insanları acdırmır.

İngiltərədəki Lids Universitetinin tədqiqatçıları şəkər əvəzinə süni dadlandırıcılardan istifadənin nəticə verə biləcəyini və aclıq hissi yaratmayacağını bildiriblər. Tədqiqat dadlandırıcı əlavə edilmiş qidaların istehlakının eynilə şəkərli qidalar kimi iştahın azalmasına səbəb olduğunu müəyyən edib. Nəticələr süni dadlandırıcıların insanları daha da ac hiss etdirdiyini irəli sürən iddiaları təkzib edir.

Süni dadlandırıcıların faydaları arasında qan şəkərinin aşağı salınması göstərilir ki, bu da tip 2 diabet inkişaf riski olan insanlar üçün xüsusilə vacibdir.

Bildirilib ki, dadlandırıcılarla bağlı digər tədqiqatlar içkiləri ön plana qoysa da, Lids Universitetinin tədqiqatçıları qidalara fokuslanıblar. Onlar şəkər və ya iki növ qida dadlandırıcısı ilə hazırlanmış peçenye yeməyin təsirlərini araşdırıblar. Sınaqlar iki-üç həftəlik müddəti əhatə edib. Artıq çəkidən əziyyət çəkən iştirakçılar meyvə içlikli, təbii şəkər əvəzediciləri ilə hazırlanmış və ya tərkibində süni dadlandırıcılar olan peçenyelər istehlak ediblər.

Qlükoza, insulin və iştaha bağlı hormonların ilkin səviyyələrini müəyyən etmək üçün onlardan qan nümunələri götürülüb. Həmçinin onlardan iştahlarını və yemək seçimlərini qiymətləndirmələri istənilib. Peçenyeləri yedikdən sonra iştirakçılar bir neçə saat ərzində nə qədər tox hiss etdiklərini qiymətləndiriblər. Bu mərhələdə qlükoza və insulin səviyyələri, həmçinin qrelin, qlükaqona bənzər peptid 1 və pankreas polipeptidləri (qida istehlakı ilə əlaqəli hormonlar) ölçülüb. İki növ dadlandırıcının nəticələri şəkərlə müqayisədə iştah və ya endokrin reaksiyalarda heç bir fərq göstərməyib. Lakin yeməkdən iki saat sonra ölçülən insulin səviyyələri və qan şəkəri səviyyələri azalıb.

"Bizim araşdırmamız bədən çəkisi və qan şəkərinə nəzarət üçün dadlandırıcıların və şirinlik artırıcıların gündəlik istifadəsini dəstəkləyən mühüm sübutlar təqdim edir", - Lids Universitetinin Psixologiya Məktəbindən aparıcı tədqiqatçı, professor Qrem Finleyson deyib.

Araşdırmanın nəticələri “The Lancet eBioMedicine” jurnalında dərc edilib.


Aysel