Tədris Terapevtik Klinikasının direktoru şəhid ailəsi ilə görüşdə- VİDEO

  • 2023.06.12 15:45
  • 4029 Baxış
Tədris Terapevtik Klinikasının direktoru şəhid ailəsi ilə görüşdə - VİDEO
Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində 15 iyun - Milli Qurtuluş günü ərəfəsində Azərbaycan Tibb Universiteti Tədris Terapevtik Klinikasının direktoru, Dr. Fərid Eyvazov klinikanın tibb bacısı, şəhid anası Mətanət Nəcəfova və onun ailə üzvlərini öz evlərində ziyarət edib.

"Medicina" xəbər verir ki, dr. Fərid Eyvazov şəhid ailəsinin üzləri ilə söhbətləşib, onların qayğıları ilə maraqlanıb.


Eyni zamanda görüş zamanı şəhid zabitimiz Cəmil Nəcəfovun rəşadətli döyüş və həyat yolundan bəhs edilib.


Tədris Terapevtik Klinikasının direktoru Dr. Fərid Eyvazov Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində iştirak edən hər bir əsgər və zabitinin Böyük Zəfərimizin əldə olunmasında misilsiz xidmətlər göstərdiklərini, onların qəhrəmanlıqlarının heç zaman unudulmayacağını vurğulayıb. O, müqəddəs Vətən torpağı uğrunda canından keçən hər bir şəhidimizin, o cümlədən, Cəmil Nəcəfovun xatirəsinin Azərbaycan xalqı və klinikanın kollektivi üçün çox əziz olduğunu qeyd edib.


Şəhid anası M.Nəcəfova öz ailəsi adından ona göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, eləcə də işlədiyi müəssisənin rəhbərliyi və kollektivinə səmimi minnətdarlığını bildirib.

Sonda Dr. Fərid Eyvazov şəhid ailəsinin üzvləri ilə xatirə şəkilləri çəkdirib.
Qeyd edək ki, baş leytenant Cəmil Nəcəf oğlu Nəcəfov 24 iyun 1993-cü ildə Bakıda anadan olub. 1999-2007-ci illərdə Binəqədi rayon H.Hüseynov adına 83 nömrəli məktəb-liseydə təhsil alıb. Orta məktəbi bitirən Cəmil Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunub. Hərbi məktəbi müvəffəqiyyətlə bitirən Cəmil Nəcəfov baş leytenant rütbəsi alıb.

O, 2016-cı ildə Aprel döyüşlərində ön cəbhədə iştirak edib. 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 10 oktyabr 2020-ci ildə Cəbrayıl döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olub.


Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Cəmil Nəcəfov "Qarabağ" ordeni, "Vətən uğrunda" və "Cəbrayılın azad olunması uğrunda" medalları ilə təltif edilib.