Türk ailəsinin hazırladığı vaksin daha bir ölkədə lisenziya aldı

  • 2020.12.12 14:27
  • 1825 Baxış
Türk ailəsinin hazırladığı vaksin daha bir ölkədə lisenziya aldı

Türk alimlərin hazırladığı vaksin ABŞ-da da lisenziya alıb.

ABŞ-ın Qida Məhsulları və Dərmanların Keyfiyyətinə Nəzarət İdarəsi “Pfizer”-“BioNTech” vaksininin təcili surətdə kütləvi tətbiqinə qərar verib.

“Pfizer” ABŞ, “BioNTech” Almaniya şirkətidir. Bu vaksini Almaniyada yaşayan türk alimləri Uğur Şahin, xanımı Özləm Türəci və onların başçılığı altında çalışan alimlər qrupu kəşf edib.

Uğur Şahin və Özləm Türəci “BioNTech” şirkətinin sahibidirlər. Uğur Şahin həm də “BioNTech”in baş direktoru, Özləm Türəci baş həkimidir.

“Pfizer” şirkəti bu vaksinin hazırlanması prosesində əsasən hüquqi məsələləri, maliyyə-texniki işləri həyata keçirib.

Lakin birgə əməkdaşlıq şəraitində hazırlandığına görə vaksinin adı mediada “Pfizer”-“BioNTech” vaksini kimi hallanır.

“Pfizer”-“BioNTech” dünyada rəsmən lisenziya alan, kütləvi istifadəsinə dövlət səviyyəsində icazə verilən COVİD əleyhinə ilk vaksindir. Vaksinə ilk lisenziya dekabrın 2-də Böyük Britaniyada verilib.

Peyvəndlər, o cümlədən də koronavirus əleyhinə peyvəndlər əvvəlcə könüllülər üzərində sınaqdan keçirilir. Klinik sınaqdan uğurla keçəndən sonra peyvəndə dövlət səviyyəsində lisenziya verilir. Yalnız bundan sonra həmin peyvənd kütləvi istifadəyə buraxılır.

Uğur Şahinin 55 yaşı var. O, Türkiyənin İskəndərun şəhərində doğulub. 4 yaşında olanda ailəsi Almaniyanın Köln şəhərinə köçüb. Valideynləri orada “Ford Motor” şirkətinin fabrikində işləyiblər.

Uşaqlıqdan həkim olmaq istəyən Uğur Köln Universitetində tibb təhsili alıb. 1993-cü ildə bədxassəli şiş hüceyrələrinin immunoterapiyası üzrə apardığı tədqiqatla doktorluq dərəcəsinə yiyələnib.

Uğur Şahin Özləm Türəci ilə karyerasına başladığı dövrlərdə tanış olub.

Özləm Türəci İstanbuldan mühacirət etmiş türk həkimin qızıdır. Almaniyada doğulub. Hazırda 53 yaşı var.

Uğur Şahin və Özləm Türəci “BioNTech” şirkətinin əsasını birlikdə qoyublar.

Onlar əvvəllər Sürix Universitetində tədqiqatla məşğul olublar, həm də bu universitetdə dərs deyiblər. Uğur Şahin Sürix Universitetində Nobel mükafatı laureatı Rolf Zinkernagelin laboratoriyasında da çalışıb.

2001-ci ildə Uğur Şahin və Özləm Türəci “Ganymed Pharmaceuticals” adlı şirkət yaradıblar. Burada onlar monoklonal anticisimlərdən istifadə yolu ilə xərcəngin müalicəsi üçün dərman istehsal ediblər.

Bir neçə il sonra onlar xərçəngin müalicəsində daha geniş spektrli texnologiyadan, o cümlədən mRNT texnologiyasından istifadə etmək məqsədilə “BioNTech”in əsasını qoyublar. Uğur Şahin bunu belə izah edib: “Biz Avropada böyük əczaçılıq şirkəti qurmaq niyyətindəyik”.

2016-cı ildə Uğur Şahin və Özləm Türəci “Ganymed Pharmaceuticals” şirkərini 1.4 milyard dollara satıblar.

“BioNTech” koronavirus pandemiyasından öncə də sürətlə inkişafda olub, şirkətin büdcəsi yüz milyonlarla dollara qədər artıb.

2019-cu ildə ABŞ-ın Bill və Melinda Qeyts Fondu HİV virusu və vərəmin müalicəsi üçün “BioNTech”ə 55 milyon dollar sərmayə qoyub.

Həmin il Uğur Şahin İranın iki ildən bir elm və texnologiya sahəsində uğurlara imza atmış müsəlmanlara verdiyi “Mustafa mükafatı”na layiq görülüb.

2019-cu ildə “BioNTech” öz səhmlərinin bir hissəsini əhaliyə satıb. 2020-ci ilin payızında “BioNTech”in bazar dəyəri 21 miyard dolları keçib. Bu da Uğur Şahin və Özləm Türəci cütlüyünün Almaniyanın ən varlı adamları sırasında olması deməkdir. Yəni onlar milyarderdirlər.

Hər iki milyarder yeniyetmə qızları ilə birlikdə ofislərinin yaxınlığındakı sadə bir mənzildə yaşayır. İşə velosipedlə gedib-gəlirlər. Heç birinin maşını yoxdur.

Hazırda “BioNTech”in 1800-dən çox işçisi, Berlində və Almaniyanın digər şəhərlərində, eləcə də ABŞ-da (Kembricdə, Massaçusetsdə) ofisləri var.

“BioNTech”in “Pfizer”lə əməkdaşlığı pandemiyadan bir qədər əvvələ təsadüf edir. Bu iki şirkət 2018-ci ildən əməkdaşlıq edir.

“BioNTech” şirkəti koronavirus vaksini üzərində işləməyə 2020-ci ilin yanvar ayından – Uğur Şahin “The Lancet” tibb jurnalında bir məqaləni oxuyandan sonra başlayıb. Doktor həmin məqaləni oxuyanda əmin olub ki, Çinin bəzi yerlərində sürətlə yayılan koronavirus dünyanı bürüyəcək, pandemiyaya çevriləcək. Beləliklə, Almaniyanın Mayns şəhərində məzuniyyət keçirən şirkətin alimləri tətili yarımçıq qoyub “İşıq sürətli layihə” adını verdikəri işə başlayıblar.

Bir neçə ümidverici potensial vaksini müəyyənləşdirəndən sonra Uğur Şahin qərara alıb ki, onları tezliklə sınaqdan keçirsin və ən yaxşılarını bazara çıxarsın. Lakin bunun üçün səlahiyyətli orqanların razılığı olmalıdır. Ona görə “BioNTech” şirkəti bu işdə də “Pfizer”lə əməkdaşlıq etməyə qərar verib. “BioNTech”lə “Pfizer” koronavirus vaksini hazırlamaq üçün birgə əməkdaşlıq barədə razılığa 2020-ci ilin mart ayında gəliblər.

“Pfizer”in baş direktoru Albert Burla yunandır. Burla “Nyu-York Tayms”a açıqlamasında Uğur Şahin haqqında bunları deyib: “Uğur çox nadir şəxsiyyətdir. Onu yalnız elm maraqlandırır. Oturub işgüzar məsələləri müzakirə etmək onluq deyil, onun biznesdən qətiyyən xoşu gəlmir. Uğur elm adamıdır və prinsipialdır. Mən ona yüz faiz inanıram”.

“Euronews” kanalının məlumatına görə, “Pfizer” və “BioNTech” şirkətləri onların vaksinini əldə etmək istəyən onlarla çox ölkə ilə danışıqlar aparır./Novator.az