Ücüncü dozanı vaxtında vurdurmayanların vaksin sənədi ləğv olunacaq

  • 2022.01.08 15:54
  • 1763 Baxış
Ücüncü dozanı vaxtında vurdurmayanların vaksin sənədi  ləğv olunacaq
Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vurulmuş iki doza peyvənddən 6 ay keçdikdən sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, orqanizmdə virus əleyhinə yaranmış anticisimləri artırmaq üçün “buster” doza qəbul olunmalıdır.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, ikinci doza peyvəndləmədən 6 ay keçdikdən sonra “buster” doza vurdurmayan vətəndaşların “Peyvənd sertifikatı” fevralın 15-dən sonra etibarlı hesab edilməyəcək.

Məlumata əsasən, “İmmunitet sertifikatı” olan vətəndaş xəstəliyindən 6 ay keçdikdən sonra “buster” doza qəbul edibsə, onun “İmmunitet sertifikatı” “Peyvənd sertifikatı” ilə əvəzlənir. Ona görə də həmin vətəndaşların “Peyvənd sertifikatı”nın müddətinə fevralın 15-dən etibarən məhdudiyyət qoyulmayacaq.


Xatırladaq ki, “Peyvənd sertifikatı” COVID-19 xəstəliyi əleyhinə iki doza vaksinasiya olunanlara, “İmmunitet sertifikatı” isə xəstəliyə yoluxub sağalanlara verilir.