Ürək ağrısı təkcə sol tərəfdə olmur, stent ölümdən xilas edirmi? – Tanınmış kardioloqdan AÇIQLAMALAR

  • 2022.01.29 18:03
  • 2917 Baxış
Ürək ağrısı təkcə sol tərəfdə olmur, stent  ölümdən xilas edirmi?  – Tanınmış kardioloqdan AÇIQLAMALAR


Ürək-damar problemlərindən dolayı dünyasını qəfil dəyişənlərin yaxınları tərəfindən "Heç vaxt ürəyindən şikayəti olmayıb”, "Əsəbiləşdi, ürəyi tutdu” kimi cümlələri çox eşidirik. Bu, ürək-damar problemlərindən ölümlərin ani baş verməsi anlamına da gəlir. Bəs necə olur ki, vəziyyət o həddə gəlir?

Medicina.az xəbər verir ki, kaspi.az-a müsahibəsində Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimov gənc yaşlardan başlaya bilən ürək xəstəliklərinin səbəblərini və kimlərin ürəyində ciddi problemlər ola biləcəyini açıqlayıb.


"ÜRƏK AĞRISI TƏKCƏ DOŞ QƏFƏSİNİN SOL TƏRƏFİNDƏN TUTMUR"

“Çox zaman ürək şikayətləri mədə-bağırsaq şikayətləri ilə çox qarışdırılır. İnsanlarımız düşünürlər ki, ürək ağrısı sol tərəfdə olur, sancır, batır, deşir. Bunların heç biri ürək ağrısı deyil. Sol tərəfdə olan istənilən ağrını ürək ağrısı kimi qəbul edirlər. Bəzən bu ağrı psixoloji xarakterli də ola bilir. İnsan özündə ağrı olduğunu düşünür. Ürək problemində sinənin ortasında, yaxud mədə nahiyəsində göynədici, yandırıcı ağrı olur.

Hərəkət vaxtı ciddi təngnəfəslik yaranır. Hərəkət edərkən bu insanların sinələri göynəyir. Ağrı qollara və çənənin altına yayıla bilər. Belə ağrı zamanı insanı tər basır, ölüm qorxusu yaşayırlar. Bu hiss, o biri ağrılarda olmaz. Ona görə də, bu tip ağrı varsa, ciddiyə alınmalıdır”.

Bəs ürək ağrısı nə qədər çəkir, hansı halda infarktdan şübhələnmək olar?

“ Adətən, ürək ağrısı 10-15 dəqiqə içərisində səngiyir. Səngiməsə, infarkta səbəb olub öldürə bilər. Ona görə də təcili xəstəxanaya çatdırılmalıdır. Ürək ağrısı bu cür dözülməz olur. 10-15 dəqiqədən sonra ağrı səngiyəndə qorxu hissi keçir. İnsanlar da keçici bir şey olduğunu zənn edirlər. Cavan olduğu və o günə qədər də xəstəliyi və şikayəti olmadığı üçün ciddiyə almır.

Stress ürək xəstəliklərində olayı alovlandıran faktorlardan biridir. Damarı daraldan yağ piləki güclü stress nəticəsində çatlaya bilər və bu çatlamış nahiyəyə tromb yığılaraq damarı tamamən tıxayar ki, bunun nəticəsində miokard infarktı, hətta ölüm də baş verə bilər. İnfarkt keçirdiyini hiss etdiyiniz adam təcili olaraq xəstəxanaya çatdırılmalıdır. Qəfləti ölümlərin qarşısı ancaq təcili yardım maşınlarında və xəstəxanalarda olan defibrillyatorla önlənə bilər.

Ürək xəstəlikləri əksərən 40 yaşdan sonra başlayır. 25-30 yaşlarda kimlər risk altındadır? Ailəsində qəfləti ürəktutmasından dünyasını dəyişən, gənc yaşda ürək xəstəliyi olan, gənc yaşda infarkt keçirən varsa, onlar daha diqqətli olmalıdırlar. Çox siqaret çəkən, narkotik maddə istifadə edənlərdə də gənc yaşda rast gəlinir. Çünki damarda qəflətən tromb yığılmasına səbəb olur. Damarda xəstəlik olmasa da, narkotik istifadəçilərində damarda tromb yaranır. Şəkəri olan insanlar da risk altındadır.

Ürək damarlarında daralma zamanı stent əməliyyatı oluna bilər.

Azərbaycanda lazımsız yerə heç kimə stent qoyulmur. Ümumiyyətlə, ürək şikayəti olmayan bir insan heç vaxt ürək həkiminə gəlməz. Damardakı daralma pasiyentə göstərilir, ailəsinə bu haqda məlumat verilir, ancaq razılıq alındıqdan sonra müdaxilə edilir. Düşünün ki, bizim ağrımız yoxdur, həkimə getmişik, deyir ki, stent qoyulmalıdır. Kim buna icazə verər? Şikayət yoxdursa, anju masasına niyə yatırsınız? Bu fikirlər tamamilə uydurmadır”.