Alimlər ürəyin sağlam qalması üçün hansı qidaların vacib olduğunu açıqlayıblar. Əgər sizdə xolesterin səviyyəsi yüksəkdirsə, ürək sağlamlığını dəstəkləyən məhsulları və uzaq durulmalı olan qidaları bilmək xüsusilə önəmlidir.
Qaynarinfo xəbər verir ki, bu badədə "Verywell Health" yazır.
"Xolesterini azaltmaq üçün təzə və bütöv məhsullara üstünlük verilməlidir", deyə nəşr qeyd edir.
Yarpaqlı göyərti
Tünd yaşıl yarpaqlı tərəvəzlərin qəbulu xolesterinin səviyyəsini azaldır və ürək-damar xəstəlikləri riskini aşağı salır. Yarpaqlı göyərtidə olan birləşmələr orqanizmin "pis” xolesterindən xilas olmasına kömək edir.
Yarpaqlı göyərti nümunələri:
yarpaqlı kələm;
kale;
ispanaq;
manqold.
Tərəvəzlər
Tərəvəzlər vitaminlər, minerallar və liflə zəngindir, ürək üçün sağlam qidalanmanın əsas hissəsidir və "pis” xolesterinin azalmasına kömək edə bilər. Araşdırmalar göstərib ki, gündə üç porsiyadan çox tərəvəz və meyvə yemək xolesterin və qan təzyiqinin səviyyəsini aşağı salır.
Giləmeyvələr
Qaragilə, böyürtkən, moruq və çiyələk daxil olmaqla giləmeyvələr ürək üçün faydalı liflə zəngindir. Giləmeyvə qəbulu "pis” xolesterinin, triqliseridlərin və arterial təzyiqin azalması ilə əlaqələndirilir.
Almalar
Gündə bir alma yemək yüksək xolesterinin qarşısını almağa kömək edə bilər. Almalar həll olunan liflə zəngindir və bu lif xolesterinin orqanizmdən xaric olunmasına yardım edir. İcmal araşdırma göstərib ki, alma qəbulu ümumi xolesterini və qan təzyiqini azaldır, bu da orqanizmdə iltihabın azalmasına töhfə verir.
Bütöv taxıl məhsulları
Qəhvəyi düyü və yulaf sıyığı kimi bütöv taxıllar ürək sağlamlığı üçün vacibdir. Tədqiqatlar sübut edib ki, yulafın müntəzəm qəbulu "pis” xolesterini azaldır, çünki o, həll olunan liflə zəngindir.
Gündə üç porsiya bütöv taxıl məhsulu yemək ürək-damar xəstəlikləri riskini 19 faiz, insult riskini isə 12 faiz azalda bilər.
Bütöv taxıl nümunələri:
arpa;
qəhvəyi düyü;
bulqur;
farro;
yulaf;
popkorn;
kinua;
qırmızı düyü;
vəhşi düyü.
Bütöv taxıl tərkibli məhsullara bütöv taxıl çörəyi, tam buğda və ya düyüdən hazırlanmış makaron, həmçinin tərkibində bulqur, yulaf, düyü və bütöv buğda olan quru səhər yeməkləri daxildir.
Paxlalılar
Paxlalılar lobya, mərcimək və noxud kimi bitki mənşəli qidalardır. Lobya liflə zəngindir, bu lif xolesterinlə bağlanaraq onun orqanizmdən çıxarılmasına kömək edir.
Qoz-fındıq
Badam, keşyu, qoz və püstə kimi qoz-fındıq növləri lif və omeqa-3 yağ turşuları ilə zəngindir. Onların qəbulu ümumi xolesterini və qanda triqliseridləri azalda, iltihabı zəiflədə və ürək-damar xəstəlikləri riskini aşağı sala bilər.
Yağlı balıq
Losos, forel və sardina kimi balıqların yeyilməsi "yaxşı” xolesterinin səviyyəsini artırır və "pis” xolesterini azaldır.
Həftəlik yağlı balıq qəbulu həmçinin aşağıdakı riskləri azalda bilər:
ürək-damar xəstəlikləri;
yüksək qan təzyiqi (hipertoniya);
metabolik sindrom.
Avokado
Avokado liflə zəngin olduğu üçün "pis” xolesterinin azalmasına kömək edir. Eyni zamanda tərkibindəki monodoymamış yağlar sayəsində "yaxşı” xolesterinin səviyyəsini artıra bilər.
Zeytun yağı
Zeytun yağı ürək sağlamlığı üçün bir çox faydası olan Aralıq dənizi pəhrizinin ayrılmaz hissəsidir. O, monodoymamış yağlar və polifenol adlanan antioksidantlarla zəngindir. Bu maddələr iltihabı azaldır və ürək xəstəlikləri riskini aşağı salır.
Çia toxumu
Araşdırmalar göstərir ki, çia toxumunun qəbulu ümumi və "pis” xolesterinin səviyyəsini azalda, eyni zamanda "yaxşı” xolesterini artıra bilər.
Tünd şokolad
Tədqiqatlara görə, tünd şokolad "pis” xolesterini azalda və "yaxşı” xolesterini artıra bilər. Tərkibindəki antioksidantlarla zəngin kakao isə iltihabı azaldır.
Sarımsaq
Sarımsaq xolesterin səviyyəsini yaxşılaşdıran birləşmələr ehtiva edir. Meta-analiz göstərib ki, çox miqdarda sarımsaq qəbulu "pis” xolesterinin azalmasına səbəb ola bilər. Bu məqsədlə sarımsaq əlavələri də qəbul edilə bilər.
Kətan toxumu
Kətan toxumu həll olunan liflə zəngindir. Onun qəbulu ümumi xolesterini və qandakı lipidlərin səviyyəsini azalda, həmçinin ürək-damar xəstəlikləri riskini aşağı sala bilər.