Uşaqların inkişafında əsas risk faktoru aclıq deyil, lazımsız qidalardan istifadədir.
Medicina.az xəbər verir ki, türkiyəli pediatr Dr. Emre Öztürk bununla bağlı valideynlərə xəbərdarlıq edib:
"Uşağın ac yatması keçicidir, ancaq zərərli qidalarla yatmağa alışması ömürlük sağlamlıq problemlərinə yol aça bilər".
Bəzi valideynlər uşaqlarının ac yatmasının böyüməyə mənfi təsir edəcəyinə inansalar da, elmi məlumatlar bu narahatlığı dəstəkləmir.
Dr. Öztürk, gün ərzində balanslı qidalanan uşaqlarda ara sıra ac yatmağın onların inkişafına heç bir zərər vermədiyini bildirib.
Bununla belə, o, gecələr davamlı olaraq zərərli qidaların qəbulunun piylənmə, şəkərli diabet, yuxu pozğunluğu və diş problemlərinə səbəb ola biləcəyini vurğulayıb.
Öztürk, Dünya Səhiyyə Təşkilatının məlumatlarına da diqqət çəkərək, şəkərli və işlənmiş qidaların uşaqlarda piylənmə, insulin müqaviməti və 2-ci tip diabet riskini artırdığını xatırladıb.
O, həmçinin bu qidaların diş çürüməsinin əsas səbəblərindən olduğunu bildirib:
"Qablaşdırılmış qəlyanaltıların müntəzəm istehlakı yuxu rejimini pozur, immun sistemini zəiflədir və gələcəkdə ürək-damar xəstəliklərinə meyl yaradır”.
Doktor Öztürk qidalanma vərdişlərinin müəyyən edilməsində valideynlərin rolunu vurğulayaraq, gecələr ac qalan uşaqlar üçün sağlam alternativlər təklif edib:
"Gecə ac qalan uşaqlara qatıq kimi aşağı kalorili qidalar verilə bilər. Evdə zərərli yeməklər saxlanılmamalı, axşam yeməyi isə tez həzm olunan qidalarla erkən saatlara planlaşdırılmalıdır”.
Aygün
Medicina.az