Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə Təcili Xəbərdarlıqları və Müdaxilə Əməliyyatları direktoru Abdirahman Mahamud, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə Ofisinin həftəlik mətbuat konfransında onlayn iştirak edərək, Ebola epidemiyasının baş verdiyi Konqo Demokratik Respublikası (KDR) və Uqandadakı vəziyyəti qiymətləndirib.
Medicina.az xəbər verir ki, Ebola epidemiyasının üç həftədən çoxdur davam etdiyini xatırladan Mahamud deyib:
“8 iyun tarixinə olan məlumata görə, Konqo Demokratik Respublikasında 550 təsdiqlənmiş yoluxma, 101 ölüm və ümumilikdə 19 sağalma qeydə alınıb. Epidemiya təsdiqlənmiş yoluxma hallarının 94 faizini (487) təşkil edən İturi əyalətində cəmləşib. Təsdiqlənmiş yoluxma hallarının bu artımı test və təmas izləmə fəaliyyətlərinin artması ilə əlaqədardır ki, bu da yaxşı xəbərdir. Lakin bir çox çətinliklər qalmaqdadır. Həmçinin təxminən 100 şübhəli yoluxma halını təsdiqləmək və ya istisna etmək üçün davam edən araşdırmalarımız var”. Uqanda ilə bağlı Mahamud bildirib ki, 19 təsdiqlənmiş yoluxma, 2 ölüm və bir ehtimal olunan ölüm halı qeydə alınıb və əlavə edib ki, Uqandada icmalara yoluxma ilə bağlı heç bir dəlil yoxdur. Mahamud həmçinin bildirib ki, ÜST Konqo Demokratik Respublikasındakı yerli hakimiyyət orqanlarını və səhiyyə tərəfdaşlarını dəstəkləməyə davam edir.
Qeyd edək ki, Şərqi Konqo Demokratik Respublikasının İturi əyalətində 246 şübhəli yoluxma və 65 ölüm hadisəsinin elan edilməsindən sonra, 15 mayda ölkədə epidemiya elan edildi. 17 mayda ÜST Ebola epidemiyasının yenidən artması səbəbindən beynəlxalq ictimai səhiyyə fövqəladə vəziyyəti elan etdi. Səhiyyə rəsmilərinin sözlərinə görə, hazırkı epidemiyaya Ebola virusunun nadir bir variantı olan "Bundibugyo" səbəb olur və təsdiqlənmiş müalicə və ya peyvənd yoxdur. Bu epidemiyada yoluxma hallarının sayının 1000-i keçdiyi bildirilir.
Aygün
Medicina.az