Ukraynalı qadının dünya rekordu qırıldı: Hindistanlı Renu Dhariyal 11 il qayçıdan qaçaraq saçlarını təxminən 3 metrə qədər uzadıb.
Medicina.az xəbər verir ki, 2015-ci ildən bəri saçlarını kəsməyən Hindistanlı Renu Dhariyal Ginnesin Rekordlar Kitabına düşüb. Onun saçlarının uzunluğu 271,50 sm-ə çatıb.
Dhariyal ukraynalı Aliya Nasyrovanın əvvəlki rekordunu qırdı. Nasyrovanın saç uzunluğu 257,33 sm idi.
Renu bloger kimi çalışır, gözəllik və saç baxımı ilə bağlı məsləhətləri paylaşdığı YouTube kanalı işlədir.
"Saçlarımı 2015-ci ildən bəri davamlı olaraq uzadıram. Hindistan mədəniyyətində uzun saçlar fövqəladə gözəllik və ənənənin simvolu hesab olunur və bu, məni onları bu qədər uzun uzatmağa ilhamlandırdı", - deyə Dhariyal Ginnesin Rekordlar Kitabına bildirib.
Lakin, təxminən 3 metr uzunluğundakı saçlar adi saç düzümündən daha çox qulluq tələb edir. O, etiraf edir ki, saçlarını yumaq və daramaq saatlarla vaxt aparır.
"Uzun saçlara qulluq etmək çox səbir tələb edir. Saatlarla onları yumaq və daramaqla məşğul oluram".
Dhariyal həmçinin qeyd edir ki, kimyəvi saç baxımı məhsullarından istifadə etməməyə çalışır. O da öz növbəsində təbii yanaşmaya riayət edir və hətta evdə hazırlanmış saç baxımı reseptlərini abunəçiləri ilə paylaşır.
"Mənim sirrim tamamilə təbiidir. Kimyəvi maddələrdən qaçınıram və YouTube kanalımda evdə hazırlanmış saç yağları və kimyəvi tərkibsiz şampunlar hazırlamaq sirlərini də paylaşıram".
Aygün Musayeva