Vaksin sənədi olmayanlar marketlərə buraxılmır - DİN-dən AÇIQLAMA - FOTO

  • 2021.08.19 17:51
  • 1593 Baxış
Vaksin sənədi olmayanlar marketlərə buraxılmır -  DİN-dən AÇIQLAMA - FOTO

Vaksinasiyaya dair sənədi olmayan şəxslər marketlərə buraxılmır. Bununla bağlı sosial şəbəkə istifadəçiləri məlumat paylaşırlar. Qeyd olunur ki, artıq çox sayda marketdə bu kimi hallar yaşanır, xüsusilə rayon və qəsəbələrdəki ərzaq dükanlarında belə bir tələb ortaya qoyulur.

Medicina.az xəbər verir ki, oxşar hadisə ilə Bakupost.az -ın əməkdaşı da qarşılaşıb. Belə ki, o, Xırdalan şəhərində yerləşən “OBA” marketdə olarkən kimliyi məlum olmayan bir neçə şəxs oraya daxil olub və alıcılardan, satıcılardan vaksinasiyaya dair sənəd tələb edib:

“Marketdə olan bəzi alıcılar vaksinin məcburi olmadığını desələr də, yoxlanış aparan şəxslər bunun sentyabrın 1-dən etibarən məcburi olacağını, COVID-19 pasportu olmayanların marketlərə girişə icazə verilməyəcəyini dedi”.

Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev açıqlamasında bildirib ki, polis əməkdaşları marketlərdə belə bir reyd aparmır:

“Yoxlanışı aparan həmin şəxslərin də DİN-lə heç bir əlaqəsi yoxdur. Onların kimliyi araşdırılmalıdır. Ümumiyyətlə, əhalinin sıx olduğu marketlərdə, bazarlarda vətəndaşlardan COVID-19 pasportu tələb olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Vətəndaşlar sözügedən yerlərdə sosial məsafəyə əməl edərək və tibbi maskalardan istifadə etmək şərti ilə hərəkət edə bilərlər. Bu normanın qorunması ilə bağlı xidmətə cəlb olunan polis naryadları tərəfindən nəzarət-profilaktik tədbirlər həyata keçirilir”.