“Vaksinin dördüncü dozasının da vurulmasına ehtiyac var” - Deputat

  • 2021.10.29 11:18
  • 925 Baxış
“Vaksinin dördüncü dozasının da vurulmasına ehtiyac var” -  Deputat
Bu gün dünya ölkələrində, eləcə də regionda COVID-19 virusuna yoluxma hallarında kəskin artımlar müşahidə edilir. Belə ki, COVID-19 virusunun “delta” ştamı ilə müqayisədə daha yoluxdurucu olan AY.4.2 yayılmağa başlayıb.

Qonşu Türkiyədə gündəlik yoluxma sayı 26 mini keçib, 210 nəfər vəfat edib, Gürcüstanda sutka ərzində yoluxma sayı 4 009, ölənlərin sayı 45, İranda isə son sutkada 11 mindən artıq insan koronavirusa yoluxub, 159 nəfər isə vəfat edib. Azərbaycanda sutka ərzində koronavirusa yoluxanların sayı 2 420 nəfər, ölənlərin sayı isə 29 olub. Müqayisədə bu göstəricilər kifayət qədər yaxşıdır və buna səbəb ölkəmizdə zamanında pandemiya ilə bağlı düzgün mübarizə üsullarının seçilməsidir.

Lakin insanlar vəziyyətin stabil olmasını düşünüb gigiyena qaydalarına laqeyd yanaşmamalıdırlar. Belə ki, sosial məsafə saxlanılması, qapalı məkanlarda maskadan istifadə olunmasi vacibdir.

Bəs vaksinin üçüncü dozası necə, digər iki doza qədər önəmlidirmi?

Artıq ölkədə müəyyən bir qrup insan vaksinin üçüncü dozasını vurdurub.

Yaxın günlərdə vaksinin üçüncü dozasını vurduracaq olan millət vəkili Aydın Mirzəzadə Oxu.Az-a açıqlamasında bildirib ki, hazırkı vəziyyətdə vətəndaşların daha intensiv vaksinasiya olması, 3-cü doza vaksinasıyanın sürətləndirilməsi zəruridir :

“Bütün dünyada koronavirusun geniş yayılmasının qarşısını alan vaksinasiya oldu. Artıq 50 faizə qədər əhali hər iki dozada vaksin alıb və 1 aya biz ən yüksək göstəricələrlə əhalinin 80-90 faizinin vaksinasiya olunmasına nail olacağıq. Aparılan araşdırmalar onu göstərir ki, qarşıda vaksinin üçüncü, hətta dördüncü dozasının da vurulmasına ehtiyac var.

Elm adamlarının araşdırmaları göstərir ki, koronavirus əleyhinə vaksinin üçüncü dozası orqanizmin müqavimətini 5-6 dəfə artırır. Bu o deməkdir ki, biz yaşlı nəsli daha yaxşı qoruya bilərik. Həyatının gənclik dövrünü yaşayan neçə-neçə insan koronavirus səbəbindən vəfat edib. Təəssüf ki, bu gün koronavirusdan ölənlərin sayı artır və biz üçüncü dozanın vurulmasını mümkün qədər sürətləndirməliyik”.

Deputat vurğulayıb ki, yaxın günlərdə o özü də vaksinin üçüncü dozasını vurduracaq :

“Vaksinin iki dozasını vurdurduq. Hər hansı bir fəsadlar qeydə alınmadı. Hazırda həkimlərin tövsiyəsi üçüncü dozanın da vurulmasıdır. Hesab edirəm ki, bu proses də ölkəmizdə vaksinasiya strategiyasına uyğun şəkildə aparılacaqdır”.