Videosu yayılan ruhi sarsıntılı qazi xəstəxanaya yerləşdirildi

  • 2021.04.13 18:37
  • 936 Baxış
Videosu yayılan ruhi sarsıntılı qazi xəstəxanaya yerləşdirildi

Ötən gündən sosial şəbəkələrdə Vətən müharibəsində iştirak etmiş daha bir qazinin ciddi müalicəyə ehtiyacı olduğu barədə video yayılıb.

Medicina.az xəbər verir ki, Ağdaş rayon Ovçulu kəndində yaşayan 1995-ci il təvəllüdlü Tarverdiyev Şahmar Şaban oğlu müharibədən sonra dəhşətli psixi ruhi sasıntı keçirib.

Qazinin anası 7 aydır ki, oğlunun psixoloji vəziyyətinə görə günün əksər saatlarında şiddətli sarsıntı keçirdiyini bildirib.

Qazinin qardaşı Tarverdi Tarverdiyev "Qafqazinfo"ya bildirib ki, Şahmar müharibədən sonra bu vəziyyətə düşüb:

"Səfərbərlik Xidmətinin çağırışıyla müharibəyə getmişdi. Bu günə kimi onun vəziyyəti ilə də maraqlanan olmayıb. Mən özüm dəfələrlə icra hakimiyyətinə də müraciət etmişəm. "Xoş gəldin, xoş getdin" sözlərindən başqa bir şey eşitməmişəm. Deyirlər ki, müharibədə yaralanmayıb, hospitala getməyib, əlinizdə həkim kağızı yoxdur deyə kömək edə bilmərik. Qardaşım müharibənin ağırlığından, gördüklərindən psixoloji sarsıntı keçirib. Bu günə kimi də gördüklərini yaddan çıxara bilmir. Müharibə zamanı mərminin qəlpələri sağ tərəfdən qulaq nahiyəsinə dəyib. Az qan axıb. Başağrıları olduğu halda həkimə müraciət etməyib".

T. Tarverdiyev bildirib ki, video yayılandan sonra qardaşı xəstəxanaya yerləşdirilib: "O ilk dəfədir ki, müalicə alacaq. Videodan sonra Kamil Zeynallı bizimlə əlaqə saxladı. Bu gün onun köməyi ilə qardaşımı Maştağada yerləşən 1 nömrəli Psixiatriya Xəstəxanasına yerləşdirdik. Həkimlər dedi ki, müalicələrdən sonra düzələcək".