Virusdan danışması qadağan edilən həkim ÖLDÜ

  • 2020.02.07 09:12
  • 2777 Baxış
Virusdan danışması qadağan edilən  həkim ÖLDÜ
Çinin Vuhan şəhərində yeni növ pnevmoniya haqqında ilk xəbərdarliq edən və bu barədə yalan məlumat yaymaqda günahlandırılan həkim koronavirusdan dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, əvvəl Li Venlianın öldüyü bildirilib, lakin sonra reanimasiyada olduğu əlavə edilərək bu məlumat təkzib edilib.

34 yaşlı Li Venlianda yanvarın 10-dan etibarən koronavirusun səbəb olduğu sətəlcəm xəstəliyinin əlamətlərindən öskürək və qızdırma müşahidə olunmağa başlayıb. O, fevralın 1-də “Weibo” sosial şəbəkəsində koronavirusa yoluxması barədə status yazıb.

Li Venlian fevralın 7-də vəfat edib. Sosial şəbəkələrdə onun ölümü barədə məlumata qısa zamanda milyonlarla şərh yazılıb. Dünya Səhiyyə Təşkilatının rəsmiləri də onun ölümünə kədərləndiyini bildiriblər.

Qeyd edək ki, Li Venlian ötən il dekabrın 30-da “Wechat” messencerindəki qruplardan birində Vuhan Mərkəzi Xəstəxanasında 7 nəfərin SARS-a oxşar virusa yoluxmasını təsdiqləyən raport gördüyünü yazıb. Yanvarın 3-də Li polisə çağırılaraq, internet resurslarında yalan məlumat yaydıqlarına görə tənbeh olunub.

Bununla birlikdə, Çin hakimiyyəti 31 dekabrda Vuhanda yeni növ virus barədə məlumat verib. Mütəxəssislər bunun 2019-nCoV coronavirus olduğunu təyin ediblər. Çində bu virusa yoluxanların sayı 28 minə, ölənlərin sayı isə 563-ə çatıb.