Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xəstə gəlincik: Şəkərli diabetli Barbie satışa çıxdı

  • 2025.07.09 18:01
  • 122 Baxış
Xəstə gəlincik: Şəkərli diabetli Barbie satışa çıxdı



Barbie gəlinciklərini istehsal edən məşhur şirkət 1-ci tip şəkərli diabetli Barbie modelini hələ 2019-cu ildə hazırlamışdı. Artıq bu kuklaların yenilənmiş versiyası satışa çıxarılıb.



“Medicina” xəbər verir ki, şirkət bu gəlinciyi 1-ci tip diabetli insanlar üçün tədqiqat və maarifləndirmə fəaliyyəti ilə məşğul olan beynəlxalq “Breakthrough T1D” təşkilatı ilə əməkdaşlıq çərçivəsində yaradıb.

Məqsəd — həm şəkərli diabetli uşaqların bu vəziyyəti daha yaxşı anlamasına kömək etmək, həm də cəmiyyətə maarifçilik mesajı verməkdir.

Yeni Barbie modelinin qolunda qlükoza ölçən cihaz, qan şəkərini izləmək üçün proqram, eləcə də insulin pompası var. Gəlincik nöqtəli mavi rəngli paltar geyinir – bu rəng diabetlə bağlı məlumatlılıq rəmzi kimi qəbul olunur.

Şirkətin məlumatına görə, bu oyuncaq vasitəsilə:

-şəkərli diabetdən əziyyət çəkən uşaqlar özlərini tək və fərqli hiss etməyəcək,

-onlar xəstəliyə nəzarət etməyi öyrənəcək,

-digər uşaqlarda isə empatiya və mərhəmət hissi formalaşacaq.

Mütəxəssislərin izahına görə, 1-ci tip diabet mədəaltı vəzinin insulin istehsalını dayandırması və ya çox az ifraz etməsi nəticəsində yaranır. Bu, xroniki autoimmün xəstəlikdir və insulinə tam asılılıqla müşayiət olunur. Əgər nəzarət olunmasa, ağırlaşma riski yüksək olur.
Bu təşəbbüs təkcə oyuncaq bazarı üçün deyil, həm də sosial inteqrasiya və səhiyyə maarifçiliyi baxımından önəmli addım kimi qiymətləndirilir.

Aygün Musayeva