Onurğanızı çökdürən 5 vərdiş – Vaxtında xilas olun

  • 14 Avqust, 2019
  • 21968 Baxış
Onurğanızı çökdürən 5 vərdiş – Vaxtında xilas olun
Onurğa orqanizmin, bədənin şah sütunudur. Onu asanlıqla qırmaq, zədələmək olmur. Amma həyatımız boyu gündəlik vərdişlərimiz fikir vermədiyimiz halda onurğamızı sıradan çıxarır. Bunlardan biri məsələn oturaq iş, maşın və kompüter asılılığıdır.

Onurğa və ətrafının ağrıları məhz 70% hallarda neqativ vərdişlərdən qaynaqlanır.
Medicina.az 10 il ərzində onurğanı çökdürən 5 səbəbi təqdim edir:

1.İş yerində fasilə verməmək, oturmaq, hərəkətsizlik

Mütəxəssislər bildirir ki, gənc yaşda onurğa problemlərinin başlanması məhz müasir iş şəraiti, şəhər həyatı ilə bağlıdır. Komputer arxasında iş 40 yaşından sonra insanın bel və boyun ağrılarına səbəb olur. Həyat keyfiyyətini aşağı salır, psixika və sinir sistemini pozur. 
Oturaq iş fəqərələrarası diskləri sıxır, ostexondroz yaradır, insanda xroniki gərginlik yaradır. 

Oturaq işdə çalışanlar hər 1 saatdan bir gəzişməyi, bir kənarda onurğa dartınmaları etməyi hər gün həyata keçirməlidir. Xüsusi məşqlər, hərəkətlərlə onurğanı bir pozadan çıxarmalıdırlar.  

Əgər insan onurğa və belində kiçik diskomfort və ağrını ilk başdan görməzdən gəlməsə, onurğanın gələcək degenerasiyasının, yırtıq və iltihabının qarşısını alar.
1 saatdan bir yerindən qalxıb, gəzişmək, ayaq, qolları hərəkət edirmək, oturmaq, qalxmaq faydalıdır. 

2.Hündürdaban və narahat ayaqqabı

Daha çox qadınların onurğasını çökdürən bu səbəb şpor, barmaqda şişlər, sümük çıxması, gizli çat, sinirlərin sıxılması, ayaqlarda ağrı, keyimə, onurğanın əyilməsinə səbəb olur. Yadda saxlayın ki, hündürdabanda gündə 2 saatdan artıq gəzmək olmaz. 

Bu, onurğa beyində təzyiq yaradır, təbii qaməti pozur, onurğa maye dövranını ləngidir. 
Qadın yaşlandıqca, artıq 40 yaşından bel, onurğa ağrıları başlayır. 

Ona görə günün əsas saatlarını idman üslubunda və dabanı kiçik ayaqqabı seçin. Qeyd edək ki, çox  hamar, dabansız və baletka deyilən ayaqqabılar da onurğa üçün ideal deyil. Ən yaxşısı 3 sm-lik hündülükdə ayaqqabı, krossovkalardır. Ayaqqabını heç vaxt yalın ayağa geyinməyin, mütləq corab olmalıdır.

3.Yuxusuzluq, sutkalıq ritmin pozulması

Britaniya alimləri bildirir ki, onurğa disklərinin hüceyrələrinin canlılığı insanın stabil sutkalıq ritmindən çox asılıdır. Gecə növbəsi, gecə həyatı, yuxusuzluq, gecələr rahat yatmaq əvəzində oturmaq diskləri yeyir, amartizator funksiyasını azaldır, xroniki iltihab yaradır, yırtıq və ağrıları artırır.

Ümumiyyətlə, onurğa uzanılı vəziyyəti sevir.  O, günün 10 saatını bu vəziyyətdə olmalıdır.Hər gün eyni vaxtda yatağa girmək, yatmaq, dincəlmək, yaxşı yuxu gənclikdən vərdişiniz olmalıdır. Yata bilməmək birinci düşməninizdir. Yuxu pozğunluğu varsa mütləq nevroloqla bunu həll edin.

4.Hərəkətsizlik iltihab yaradır

ABŞ mütəxəssisləri bildirir ki, gənclər nə qədər fiziki aktivliyini azaldır, bir o qədər əzələləri zəif olur. Bu da onurğada iltihabı prosesi artırır. İdman, qaçış, adi məşqlər, hərəkətlər onurğa kanalı boyu qan dövranını artırır, əzələləri möhkəmlədir.
 
Onurğanı saxlayan həm də ətraf əzələlərdir. Oturub qalxmaq, müəyyən qədər ağırlıq qaldırma, press hərəkətlər 15 yaşından həftəlik normanız olmalıdır. Yox əgər artıq onurğada ağrı, problem varsa, özbaşına idman, üzgüçülük olmaz, mütləq həkim və məşqçi lazımdır.

5.Qeyri-sağlam qidalanma

D vitamini, maqnezium, sink, kalsium çatışmazlığı onurğanı sıradan çıxarır. Çünki fəqərələr bu vitaminlərlə qidalanır. Bunların defisiti osteoporoz yaradır, sümüklərin möhkəmliyi itir, fəqərələrin sıxlığını azaldır. 

Siz kalsiumu süd məhsulları, sümük, küncüt, qoz, hind quşu əti, tərəvəz-meyvələrdən qəbul edin. Trans yağ və palma yağ tərkibli qidalardan uzaq durun. 
Eləcə də siqaret, içki, beyin gərginliyi, zehni iş, stress onurğada gərginliyi artırır, onun işini pozur.