Yoluxma sayı artır: məktəblərə qayıdış necə olacaq? - AÇIQLAMA

  • 2021.08.19 16:19
  • 4612 Baxış
Yoluxma sayı artır: məktəblərə qayıdış necə olacaq? -  AÇIQLAMA
Təhsil Nazirliyi məktəblilərin valideynlərinin xüsusi tələb əsasında vaksin olunması ilə bağlı yayılan iddialara münasibət bildirib.

Qurumdan qeyd olunub ki, yeni tədris ilində məktəb təkcə vaksin olunmuş müəllimdən deyil, həm də vaksinlənmiş valideyndən asılıdır.


Bəs məktəblərdə valideynlərin vaksinasiya ilə bağlı xüsusi tələb olmalıdırmı? Yoluxma sayının artmağa davam etdiyi günlərdə təhsil müəssisələrində koronavirusla mübarizə necə aparılmalıdır?

Medicina.az xəbər verir ki, mövzu ilə bağlı Ankara klinikasının baş həkimi, alqoloq Zülfüqar Yusifov Bakupost.az -a danışıb.

O bildirib ki, belə bir şəraitdə məktəblərin açılması, dərslərin tam qaydası ilə keçirilməsi ciddi sual altındadır:



“Hazırda yoluxmaların sayı artmaqdadır. Belə olan halda, əlbəttə ki, mütləq şəkildə qorunma tədbirlərinə riayət etməli və vaksinasiyanın sürəti artırılmalıdır. Çünki bu gün buna ehtiyac var. İnsanlar peyvəndlənməyə məsuliyyətli yanaşmalı, sürətlə bu prosesə cəlb olunmalıdırlar. Yoluxma sayı belə artımla davam edərsə, qarşıdakı 1 aydan az müddətdə məktəblər də açıldıqda vəziyyət daha kritik olar. Çünki məktəb təmasın sıx olduğu müəssisələrdəndir. Nəzərə alaq ki, hər bir şagird evdən, valideyninin yanından gəlir. Bu da o deməkdir ki, ailələrdə yoluxma varsa, məktəbdə də olacaq. Bu məntiqlə yanaşdıqda, valideynlərin vaksinasiyası ilə bağlı Təhsil Nazirliyi tərəfindən xüsusi bir tələbin yox, tövsiyənin olması əslində pis deyil.

Bütün şagirdlərin ailəsi bu işdə məsuliyyətli olmalıdır. Əgər məktəblərin fəaliyyəti ənənəvi qaydada bərpa ediləcəksə, qaydalara əməl olunmasına, partalar arası məsafəyə, şagirdlərin ünsiyyət mexanizminin yeni situasiyaya uyğun qurulmasına, dezinfeksiya işlərinin aparılması və bütün bunların hamısının yüksək səviyyədə olmasına ehtiyac var. Görünən odur ki, virus zəncirin heç bir halqasının zəifləməsini xoşlamır. Həmin zəif nöqtə cəmiyyətdə yoluxmanın sürətlənməsinə rəvac verir. Bu baxımdan digər tədbirləri də vaksinasiya ilə bərabər unutmamalıyıq”.

Həkim qeyd edib ki, son zamanlar, maskalardan istifadədə laqeydlik müşahidə olunur:

“Bundan başqa, cəmiyyət arasında məsafə qorunmur, dezinfeksiya məsələlərində də səngimələr var. Hamı bilməlidir ki, bu dalğalanmalar hələ davam edir, virus bitməyib. Dünya bu gün də virusla mübarizədədir. Əldə olunan uğurlar heç də ürəkaçan deyil, yoluxma və ölüm sayları kifayət qədərdir. Bu da hər kəsdən məsuliyyətli olmağı, qorunma tədbirlərinə əməl etməyi tələb edir”.