47 yaşlı kişi venadaxili sistemdən öldü – Mütəxəssisdən xəbərdarlıq

  • 2025.11.05 15:33
  • 634 Baxış
47 yaşlı kişi venadaxili sistemdən öldü  – Mütəxəssisdən xəbərdarlıq

Son zamanlar venadaxili infuziya, vitamin qarışığı və antibiotiklərdən reaksiyadan ölüm halları artıb. Çox zaman bu xəbərlər, faktlar mediadan da kənar qalır.


“Medicina” xəbər verir ki, ötən gün 47 yaşlı kişi də venadaxili infuziyada qarışdırılan dərmanlardan reaksiya nəticəsində ağırlaşaraq həyatını itirib.


Məsələ ilə bağlı açıqlama verən ATU mütəxəssisi Fuad İslamzadə belə ölümlərin səhlənkarlıqdan və xəbərdarlıqlara əhəmiyyət verilməməsindən baş verdiyini vurğulayıb.

“Bu gün səhər açılar-açılmaz acı bir xəbər aldım. İş yoldaşlarımdan birinin 47 yaşlı qohumu venadaxili infuziya edilən dərmanlara qarşı orqanizmdə törənən reaksiya nəticəsində vəfat edib. Mərhumu heç tanımasam da, adəcə "Allah rəhmət eləsin" deməklə keçmək olmur.


Dəfələrlə deyilib və yazılıb ki, infuzion sistem vasitəsilə dərman qarışığı köçürülməsi həkimin təyinatı və nəzarəti altında — stasionar şəraitdə həyata keçirilməlidir.

Bir sıra xarici ölkələrdə bu proseduru ev şəraitində icra etmək həkimlərə və tibb bacılarına qəti qadağan edilib. Bizdə isə dərman qarışdığını sistem vasitəsilə köçürməyi ev şəraitində tibb bacılarının həyata keçirməyi bir növ ənənə halı alıb.

Daha acınacaqlı cəhət isə bundan ibarətdir ki, belə prosedurlar zamanı infuziya edilən mayeyə hansı dərman preparatlarının qarışdırılmalı olduğunu çox vaxt özbaşına olaraq ya tibb bacısı özü, ya da hər hansı bir əczaçı müəyyənləşdirir. Həkimə müraciət etmədən kor-koranə aparılan belə müalicənin zərəri isə sadəlövh vətəndaşlarımıza dəyir.

Ona görə də həkimin size müayinə etmədən uyğun dozalarla reseptə yazmadığı sistemi özbaşına köçürməyin. Əgər venadaxili infuziyasız mümkün deyilsə, onu xəstəxana şəraitində etdirin”.

Aygün Musayeva