8 ayda 1391 nəfər zəhərlənib - RƏSMİ STATİSTİKA

  • 2017.09.08 10:13
  • 12393 Baxış
8 ayda 1391 nəfər zəhərlənib -  RƏSMİ STATİSTİKA
Dünən Kliniki Tibbi Mərkəzdə toksiki və qida zəhərlənmələri haqqında geniş əhali kütləsini maarifləndirməyə həsr edilmiş tədbir keçirilib.

 

Medicina.az xəbər verir ki, tədbirdə KTM-in Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, qarşıdan gələn payız-qış mövsümündə digər toksiki zəhərlənmələr arasında daha çox rast gəlinən dəm qazı ilə zəhərlənmədir: "Bu cür halların baş verməməsi üçün su qızdırıcı cihazlardan, isitmə avadanlığından istifadə edərkən təhlükəsizlik tələblərinə əməl etmək lazımdır. Qapalı şəraitdə və hamam otağında təbii qazdan istifadə zamanı həmişə dəm qazı yaranması və hadisə törətməsi təhlükəsi var. Ona görə soyuq aylarda ən çox narahatlıq doğuran məhz bu məsələdir”.

 

Şöbə müdiri əlavə edib ki, ilin səkkiz ayında toksikoloji şöbəyə 1391 müraciət daxil olub. Onlardan 165 nəfəri dəm qazı, 56 nəfər spirtli içki, 244 nəfər dərman, 6 nəfər göbələk zəhərlənmələri, 83 nəfər ilan, 4 nəfər qaraqurd sancması ilə əlaqədar olub: "Daxil olan vətəndaşlara zəruri müalicə tədbirləri keçirilmiş və evə buraxılıblar”.

 

A.Maqsudov ayrı-ayrı bölgələrdən, o cümlədən Hacıqabul, Şamaxı, Yevlax, Bərdə, Tovuz, Şəmkir, Qazax, Astara və Lənkəran rayonlarından toksiki zəhərlənmə nəticəsində onlara müraciət edən xəstələrin olduğunu bildirib: "İl ərzində toksikoloji şöbəyə təxminən 120-140 azyaşlı uşaq qəbul edilir. Valideynlər uşaqları nəzarətsiz qoymamalı və çalışmalıdırlar ki, evdə onların istifadə etdikləri diabet, hipertoniya və digər xəstəliklərlə əlaqədar dərmanlar uşaqlar üçün əlçatan şəraitdə olmasın”.

 

Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva isə qida zəhərlənmələri barədə məlumat verib: "Ən çox qida zəhərlənmələri mayonez qatılmış salatlar, meyvə-tərəvəzlər, qarpız, tomatla hazırlanmış və düzgün saxlanılmayan məhsullarla qidalanma nəticəsində əmələ gəlir. Bu ilin əvvəlindən indiyədək şöbəyə 92 nəfər qida zəhərlənməsi, 13 nəfər botulizm və 724 nəfər müxtəlif dərəcədə kəskin mədə-bağırsaq xəstəlikləri ilə daxil olub. Xəstələrə zəruri müayinə və müalicə tədbirləri görülüb”.

 

Tədbirdə ağır qida zəhərlənmələrindən qorunmaq üçün zəhərləmə təhlükəsi olan məhsulları gigiyena-epidemioloji nəzarətdə olan marketlərdən almaq tövsiyə edilib.