Ağır vərəm xəstəliyindən necə xilas oldum… - Bir pasiyentin hekayəsi

  • 2023.08.29 11:04
  • 2600 Baxış
Ağır vərəm xəstəliyindən necə xilas oldum… -  Bir pasiyentin hekayəsi
“O heç bir xəstəliyə bənzəmir, elə bilirsən sonundur”

“Vərəm pozitiv, üzü gülər insanı sevmir”


Vərəm xəstələri ftiziator, pulmonoloqla yanaşı psixiatr, psixoloq, psixoterapevt nəzarətində də olmalıdır.

Çünki onkoloji xəstələr kimi vərəm xəstələrinin də psixoloji dəstəyə çox ehtiyacı var. Bu xəstələr çox vaxt uzun müalicələrə dözə bilmir.


Və xəstəliyə təslim olmaq müalicənin effektivliyini azaldır.


Vərəmlə mübarizədə əsas deviz dünyaca məşhur idmançı Mayk Taysonun bu sitatı olmalıdır: “Hər şey dözülməz olanda, özümə bunu xatırladıram: əgər təslim olsam, mən yaxşı olmayacağam, bundan mənə fayda olmayacaq”.


“Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Vərəmə qalib gəl” layihəsi çərçivəsində vərəmə qalib gəlməyi bacarmış pasiyentlə söhbəti təqdim edir.



32 yaşlı H.M. 29 yaşından bu xəstəliklə mübarizə aparıb.


Dediyinə görə, gizli formada vərəm onda çoxdan var imiş. İlk yoluxduğu yer isə işlədiyi daş karxanası olub.


“Fiziki işdə işlədiyimiz üçün düşünürdük ki, bizdə immunitet zəifliyi ola bilməz. Bədənimiz, gücümüz öz yerində idi.
Amma orda işlədiyim 5 ildə 2 dəfə ağır sətəlcəm oldum, o da iş yoldaşımdan bizə keçmişdi. Rentgendə ağciyərlərdə ləkə görünürdü, amma müalicə ilə çətin də olsa sağalırdı. Heç kim məndə vərəmdən şübhələnməmişdi. Mən heç siqaret də çəkmirdim, amma soyuq şəraitdə işləyirdik.
İlk dəfə isti yay günlərində xəstəliyimi hiss etdim. Ağciyərlərimdə sıxılma, gecələr tərləmə əlaməti ilə yenə həkimə getdim.
Həkimin müalicəsi fayda vermirdi və məni rentgenə göndərdilər. Həkim nədənsə şübhələndi, sonra başqa bir rentgen – flüoqrafiyadan keçdim. Mənə dedi ki, səni bir xəstəxanaya göndərəcəyəm, orda yaxşı ağciyər həkimi dostum var, səhər ora get, o da baxsın. Mən heç nədən şübhələnmədən Vərəm dispanserinə getdim, açığı orda da ağır vərəm xəstələri ilə üzləşmədim. Adi qaydada həkim otağının qarşısında növbə tutdum, orta yaşlı kişi həkim məni qəbul etdi və yanımda əvvəlki həkimə zəng etdi. Sonra mənə burda bir neçə analiz verəcəksən dedi”.


“Vərəmin yüngül xəstəlik olduğunu bilirdim”

“Həkimin məni ora-bura göndərməyindən elə bildim ki, pnevmoniyadır, amma ağırdır. Məndən testlər götürdülər və heç bir müalicə yazmadan evə gəldim. 2 gün sonra yenidən getdim və həkim bütün analizləri mənə göstərib, “harada işləyirsən, evdə kimlər var, harada qalırsan, sən gərək 6 ay ciddi ev şəraitində müalicə alasan, müalicəyə imkanın yetəcəkmi” kimi suallar verdi.

Həkim özü diaqnozu birbaşa demədi, dedi ki, səndə bu xəstəlik bəlkə də 10 ildir var, amma indi aktivləşib. Ağciyərlərin soyuqlayıb, orda çapıqlaşma qalıb, amma bakteriya yox, vərəm infeksiyasıdır.
Mən hələ də vərəmin ciddiliyini qəbul etmirdim. Müalicəsi nədir, edin bitsin dedim. Həkim “müalicə var, amma ola bilsin işə getməzsən, evdə də ya ayrı otaqda qal, ya maska tax, ya da ayrı bir mənzildə yaşa. Balaca uşaqları uzaq tut” dedi.





“Müalicələr çox ağırdır, həkim güclü və səni başa düşən olmalıdır”



"Mən həkimə həm inandım, həm də yox. Ona görə səhəri yenə əvvəlki həkimin yanına getdim. Soruşdum ki, əgər məndə illərdir vərəm idisə, niyə gizlətmisiniz və vərəm varsa, elə özünüz müalicə edin. Dispanserə niyə göndərdiniz?
O da izah etdi ki, vərəm olduğunu heç kim deyə bilməzdi. Amma ora məhz bu xəstələr üzrə ixtisaslaşıb və artıq hər şeyi bilirlər.

Məndə simptomlar orta idi, amma diaqnozu bildiyim gündən gecələr sanki daha da ağırlaşdım. Sanki psixoloji olaraq daha da bunları artırdım və adi bir öskürək, titrəmə, tərləmə mənə ağırlaşma kimi gəlirdi.
Təcili yardım çağırmaq mənasız idi, əgər həkim nədənsə şübhələnsəydi, gərək ailəmə də hesabat verərdim.
Xəstəliyimi bircə həyat yoldaşıma dedim, uşaqları isə anamgilə göndərdik. Bəhanə etdik ki, pis xəstələnmişəm, uşaqlara keçər.

Yoldaşımla otağı ayırdıq, mən ayrı bir ev barədə düşündüm. 10 gündən sonra arıqladığımı fərq etdim - iştaham küsmüşdü.

1 kurs müalicəm bitirdi, həkim mənə növbəti dərmanların bir az ağır olacağını dedi. Dərmanları içmək istəmirdim. İnternetdə başqa müalicə yolları axtarırdım. Amma həkim məni xəbərdar etdi ki, əgər bir gün də olsa müalicədən geri qalsam, hər şey şiddətlənəcək.

Dostlarımla görüşləri təxirə saldım, zəiflikdən gündəlik idmanı belə edə bilmirdim.

Heç yerə çıxmırdım. İnternetdə oxudum ki, vərəm həyatsevər, gülər insanları sevmir, qara rəngi sevir.

Çox axtardım ki, vərəmli xəstələrin bəlkə, bir yerə toplaşdığı bir qurum, qrup ola, heç olmasa səhifə olar, bir-birimizə dəstək olardıq. Amma Bakıda belə bir yer yox idi…

Amma biləndə ki, vərəmi narkoman, əyyaş və həbsdə yatanların xəstəliyi hesab edirlər, utandım. Kimə sübut edim ki, məndə bunların heç biri yox idi.
Niyə mən?
2-ci müalicə kursunda dərmanlar vərəmi daxildən parçalayacaq preparatlar olacağı üçün həkim yaxşı dincəlməyi, yaxşı yeməyi və güclü olmağı məsləhət görürdü.
Bu əsl müharibə idi. Dərmanların toksiki təsirindən daim qusma, ürəkbulanma, səpkilər, mədə ağrısı, bədən ağrısı olurdu.
Hətta bir an elə bildim, yox, artıq öləcəyəm, sadəcə, həkim düzünü demir.
Sonra orqanizm adaptə oldu və mən internetdə bir neçə xəstə qrupları tapdım.
Özümə söz verdim ki, bir daha bədənimi, ruhumu yorana kimi işləməyəcəyəm, qara geyinməyəcəyəm və həyatımdan narazı olmayacağam.
3 kurs müalicə ilə 9 aya mən vərəmlə mübarizə apardım. Elə 8-ci aydan vəziyyət düzəlməyə başladı.
Həkim məni qeydiyyata almışdı və daha 5 il nəzarət üçün ildə 2 dəfə müayinələrdən keçməli olduğumu dedi.
Onu deyə bilərəm ki, vərəm heç bir başqa xəstəliyə bənzəmir. Onu hiss edirsən. Hiss edirsən ki, içində nəsə var və səni udmaq istəyir”.







Sirrimi kim bildi?


"Hərdən mənə elə gəlirdi ki, mənim vərəm olduğumu hamı bilir, eşidiblər, elə bilirdim, insanlar mənə qəribə baxır. Amma bircə yoldaşım, qardaşım və bir dostum bilirdi.
Ailəm, qohumlar, dostlar elə bilirdilər ki, məndə ağciyərlərdə ağır pnevmoniya var.
Bu xəstəliyi olanlara, diaqnozu qoyanlara onu deyə bilərəm ki, ruhdan düşüb, pis əhvalda olanlar gec sağalır. Daha çox vəfat edənlər, yanaşı xəstəliyi olanlar, qaraciyəri xəstə olanlar, içki içənlər, narkotik istifadə edənlərdir.
Müalicəyə başlayanda siqareti, içkini tərgitsən və xəstəlikdən qaçmayıb, ona müharibə elan etsən qalib gələ bilərsən.
Ailə dəstəyi çox vacibdir, həkimin də dəstəyi önəmlidir.
Pozitiv, ümid dolu hisslər sağalmağa kömək edir.
Vərəmə qalib gəlmək mümkündür. Hesab edirəm ki, çox insan içində gizli bir vərəm daşıyır. Onun oyanacağı vaxtı isə heç kim bilmir”.





Müsahibimiz qeyd edir ki, xəstəliyindən utanmamaq, vaxtında və düzgün müalicə etməklə ona tez qalib gəlmək olur.


"Bu xəstəliyə düçar olmağım məni digər bəlalardan xilas etdi. İndi orqanizmimi daha yaşı hiss edirəm. Onu qoruyuram. Bu virusa qalib gələn orqanlarıma, ruhuma, fiziki gücümə minnətdarlıq edirəm. Bu xəstəlikdən qorxmaq və utanmaq lazım deyil. Bu hislər o xəstəliyi şiddətləndirir və adamı ölümə aparır. Arzu edirəm, bütün vərəm xəstələri məni eşitsin. Üİmidli olanlar, xəstəliyini düzgün qiymətləndirənlər tez sağalır. Qorxmayanlar, utanmayanlar, iradəli olanlar mütləq qalib gəlir. Özü də qısa müddətdə".


Bu yazı “Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ““Vərəmə qalib gəl” devizi altında elektron təşviqat marafonu vasitəsilə vərəm xəstələrinin sosial-tibbi və psixoloji reabitasiyasına dəstək” layihəsi çərçivəsində hazırlanmışdır.


Aygün Musayeva
Medicina.az



Ağır vərəm xəstəliyindən necə xilas oldum… -  Bir pasiyentin hekayəsi