Anasını müdafiə edərkən atasını qətlə yetirən Ayxana hökm oxundu

  • 2026.10.14 16:57
  • 117 Baxış
Anasını müdafiə edərkən atasını  qətlə yetirən   Ayxana hökm oxundu


Bakıda atasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadənin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.


Medicina.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən son söz dedikdən sonra hökm elan edilib.


Məhkəmə Ayxan Vəlizadənin əməlini Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edərək ona 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib.

Xatırladaq ki, ötən prosesdə prokuror dövlət ittihamının müdafiəsi zamanı zərərçəkənin hüquqi varisinin təqdirləndiriləndən şikayətçi olmadığını əsas gətirərək Ayxan Vəlizadənin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.

Qeyd edək ki, hadisə 2025-ci ilin dekabrında Sabunçu rayonunun Ramana qəsəbəsi "Gülçülük Sovxozu" ərazisində baş verib.

Qəsəbə sakini 1981- ci il təvəllüdlü İftixar Vəlizadənin yaşadığı mənzildə qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.

İlkin araşdırmalarla İftixar Vəlizadə 2006-cı il təvəllüdlü oğlu Ayxan Vəlizadə tərəfindən kəsici alətlə xəsarət yetirilərək öldürülməsinə əsaslı şübhələr müəyyən olunub. A.Vəlizadə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Ayxan Vəlizadə barəsində CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

medicina.az