Arıqlama iynələrinin daha bir yan təsiri ortaya çıxdı

  • 2026.07.23 22:27
  • 289 Baxış
Arıqlama iynələrinin daha bir  yan təsiri ortaya çıxdı

Yeni bir araşdırma, piylənmə və 2-ci tip diabetin müalicəsində tez-tez istifadə edilən GLP-1 dərmanlarının digər diabet dərmanları ilə müqayisədə saç tökülməsi riskini artıra biləcəyini ortaya qoydu.

Medicina.az xəbər verir BMJ-də dərc olunan və Pensilvaniya Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırma, GLP-1 dərmanlarını istifadə edən 2-ci tip diabet xəstələrində saç tökülməsi riskini, iki digər ümumi diabet dərmanı qrupu olan SGLT-2 inhibitorları və DPP-4 inhibitorları istifadə edənlərlə müqayisə etdi.

Tədqiqat, GLP-1 istifadə edən xəstələrdə SGLT-2 inhibitorları istifadə edənlərlə müqayisədə saç tökülməsi riskinin 37%, DPP-4 inhibitorları istifadə edənlərlə müqayisədə isə 68% daha yüksək olduğunu müəyyən etdi. Müayinə edilən saç tökülməsi halları saç follikullarına daimi zərər verməyən və saçların yenidən uzanmasına imkan verən alopesiya növünə aid idi.

Alimlər saç tökülməsinin birbaşa dərmanın təsirləri ilə deyil, GLP-1 müalicəsi zamanı sürətli çəki itkisi və nəticədə yaranan dəmir və sink çatışmazlığı nəticəsində yaranan qidalanma dəyişiklikləri ilə əlaqəli ola biləcəyini bildiriblər.

Tədqiqatçılar tapıntıların GLP-1 dərmanları ilə saç tökülməsi arasında qəti səbəb-nəticə əlaqəsi yaratmadığını və mexanizmi anlamaq üçün əlavə tədqiqatların aparılmasının vacibliyini vurğulayıblar.

Tədqiqatçılar qeyd ediblər ki, GLP-1 dərmanlarının çəki nəzarətində və 2-ci tip diabet müalicəsində əhəmiyyətli faydaları nəzərə alınmalı olsa da, müalicə qərarları verərkən saç tökülməsinin potensial riski xəstələrlə müzakirə olunmalıdır.

Aygün
Medicina.az