40 gün ərzində təkcə portağal yedi – “Özümü heç vaxt belə hiss etməmişdim”

  • 2024.04.24 17:19
  • 686 Baxış
40 gün ərzində təkcə portağal yedi –  “Özümü heç vaxt belə hiss etməmişdim”
Avstraliyanın Kvinslend şəhərindən olan Enn Osbourn 40 gün ərzində yalnız portağal yeyib və portağal şirəsi içib.

Medicina.az xəbər verir ki, Enn Osbourn “Instagram”dakı səhifəsində yalnız meyvə əsaslı pəhrizlərini paylaşır.

Bu yaxınlarda 40 gün portağal yeyəcəyini açıqlayan Osbourn bir çox insanın diqqətini çəkib və sosial şəbəkədə onun bu “macərası” maraqla izlənilib.

40 gün ərzində hər gün təqribən 1-1,5 litr portağal şirəsi içən və bu meyvədən başqa heç nə yeyib-içməyən Osbourn müddətin sonunda özünü necə hiss etdiyini açıqlayıb. O, çox yaxşı olduğunu və daha əvvəl heç bu qədər enerjili və sağlam hiss etmədiyini bildirib. O, 40 günlük portağal detoksunu hər kəsə tövsiyə edib.

Bəs ekspertlər nə deyir?

Mütəxəssislər portağal şirəsinin sağlamlığa faydaları ilə razılaşırlar. Onun tərkibindəki C vitamini immunitet sistemi, ürək üçün faydalıdır və kollagen istehsalını dəstəkləyir.

Bununla belə, mütəxəssislər deyirlər ki, orqanizmə bu qədər C vitamini qəbul edərkən diqqətli olmaq lazımdır. Çünki 2000 mq və ya daha çox C vitamini qəbul etmək böyrək daşları və ya mədə-bağırsaq pozğunluğu kimi sağlamlıq problemlərinə səbəb ola bilər.

Dietoloq Ebbi Şarp “USA Today”ə bildirib ki, meyvə şirələri şəkərin udulmasını yavaşladan və qlisemik indeksi aşağı salan faydalı liflərdən məhrumdur:

“Buna görə də, portağal şirəsi qan şəkərinin artmasına səbəb ola bilər.

Portağal yüksək turşuluğa malik sitrus meyvələrindən biridir. Həddindən artıq portağal şirəsi içmək diş minasına zərər verə və mədə problemlərinə səbəb ola bilər".


Aysel