Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

ABŞ və Almaniyada yaşayan məşhur həkimlərlə TƏBİB-də görüş

  • 2024.11.18 19:08
  • 914 Baxış
ABŞ və Almaniyada yaşayan məşhur həkimlərlə    TƏBİB-də görüş

Azərbaycan-Amerika Tibb Assosiasiyasının təsisçisi Rauf Şahbazov və Almaniya Azərbaycanlıları Alyansının rəhbəri, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri Nuran Abdullayev Bakıdadır.


"Medicina" xəbər verir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində ölkəmizdə səfərdə olan azərbaycanlı həkim- mütəxəssislərlə keçirilən görüşdə TƏBİB-in İcraçı direktorunun müavinləri Araz Nəsirov və Anar İsrafilov da iştirak edib.


Gələcəkdə azərbaycanlı həkimlər üçün Amerika və Almaniya səhiyyə təcrübəsinin öyrənilməsi, cərrahiyyədə yeniliklər, robotik cərrahiyyənin imkanları, radioloji, neyroradioloji və o cümlədən transplantologiya sahələri üzrə müasir yanaşmaların ölkəmizdə tətbiq edilməsi istiqaməti üzrə müzakirələrin aparılması məqsədilə keçirilən görüşdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov son dövrlər Azərbaycanda səhiyyənin inkişaf etdirilməsi sahəsində görülən işlər barədə məlumat verib:


“Siz xaricdə bizi layiqincə təmsil etdiyiniz kimi, biz də burada çalışırıq ki, ölkə daxilində tibb işçilərimizə doğru istiqamət verək. Əlbəttə ki, sizin əldə etdiyiniz uğurlar ölkəmiz, səhiyyəmiz üçün böyük şərəfdir. Çalışdığınız hər iki tibbi sahənin Azərbaycanda da inkişaf etdirilməsi istiqamətində son illər bir sıra irəliləyişlərə nail olunub, yeniliklərimiz var. Amma çox istərdik ki, qazandığınız təcrübələri bizimlə də bölüşəsiniz”.


Azərbaycan-Amerika Tibb Assosiasiyasının təsisçisi, Nyu-York ştatında yerləşən Albany Tibb Mərkəzinin Transplantologiya cərrahiyyəsi şöbəsinin rəhbəri, transplantoloq Rauf Şahbazov isə öz növbəsində bildirib ki, son illər Azərbaycan səhiyyəsində baş verən yeniliklər xaricdə yaşayan və orada çalışan hər bir həkimi sevindirir:

“Etiraf etmək lazımdır ki, son illər, həqiqətən də, Azərbaycan səhiyyəsində müsbətə doğru kifayət qədər dəyişikliklər baş verib və bütün bunlar xaricdə yaşayan azərbaycanlı həkimlərin də diqqətini cəlb edir. Mən özüm uzun illərdir ki, Amerikada transplantologiya sahəsində çalışıram və bizim alyans ABŞ-də 2016-cı ildən fəaliyyət göstərir. Alyans adından bildirmək istərdim ki, biz qazandığımız təcrübəni vətənimizlə bölüşməyə hazırıq”.

Almaniya Azərbaycanlıları Alyansının rəhbəri, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri Nuran Abdullayev Almaniyada uzun illərdir yaşayan, orada çalışan həkimlərin də son illər Azərbaycandakı yeniliklərlə maraqlandığını və Avropa təcrübəsinin bölüşülməsi üçün ölkəmizdə nəzərdə tutulan bütün yeniliklərə dəstək verməyə hazır olduqlarını bildirib:


“Bizim ilk görüşümüz ötən il Bakıda keçirilən Dünyadakı Azərbaycanlı Həkimlərin I Simpoziumunda (DATS) olmuşdu. Həmin səfərdə gördüm ki, TƏBİB tərəfindən çox böyük işlər görülüb. Düşünürəm ki, xarici ölkələrdə təhsil alan və orada çalışan həkimlərimiz buradakı inkişafı görür. Hazırda Almaniyanın Reyn-Zig bölgəsində xəstəxana direktoru kimi fəaliyyət göstərirəm və bu gün deyə bilərəm ki, Avropada, xüsusilə Almaniyada akademik səviyyədə çox ciddi uğurlar əldə edən həkimlər, mütəxəssislər var. Sizi əmin edirəm ki, onların arasında Azərbaycana qayıdaraq vətən üçün xidmət etmək istəyən kifayət qədər həkimlər var”.


Qarşılıqlı fikir mübadiləsi zamanı bildirilib ki, gələcəkdə azərbaycanlı həkimlər üçün Almaniya və Amerikada təcrübə-mübadilə proqramlarının təşkili və müxtəlif ixtisaslar üzrə müasir standartların Azərbaycanda tətbiqinə dair birgə addımlar atılsın, ölkəmizdə səhiyyənin inkişafı istiqamətində yeniliklərə nail olunsun.

MEDİCİNA.AZ