Duş almaqda çətinlik, çimmək istəməmək, istəksizlik ciddi psixi problemdən qaynaqlana bilər.
“Medicina” xəbər verir ki, psixiatr Lindsiy Standiven şəxsi gigiyenada davranış dəyişikliyinin psixi səbəblərini açıqlayıb:
“Bu problem çox zaman depressiya və bipolyar pozuntunun depressiv fazasında rast gəlinir. Xəstələr çox zaman bunu gizlədir, ətrafına və həkimə demir ki, pinti və tənbəl damğası vurulmasın.
Utanc, günahkarlıq hissi çimməmək simptomunu daha da dərinləşdirir.
Çünki cəmiyyətdə insanın çimməməsi məsuliyyətsizlik, tənbəllik hesab edilib qınanır. İnsanlar onun depressiyada olduğunu və köməyə ehtyacı olduğunu anlamaya bilər.
Depressiya, üstəlik qınaq və utanc, düzgün başa düşülməmək hissi xəstəni daha da özünə qapadır.
Duş almaqda nə var axı deyənlər sağlam adamlardır, onlar üçün bu sadədir.
Amma depressiyada olan insan üçün hətta əlləri yumaq da enerji və istək tələb edir. Onlar heç yerə getmək istəmədikləri üçün duş almağa da gərək duymurlar.
Belə olan halda ailə, doğmalar onu danlayıb məcbur etmək əvəzinə kiçik addımlardan başlamalıdırlar: xəstəni sadə gigiyenik vasitələrlə təmizliyə dəvət etmək və həkimə, psixoloqa çatdırmaq”.
Aygün Musayeva