Depressiyanın gizli səbəbi tapıldı - DNT-də gizlənmiş fosil viruslar…

  • 2024.05.23 20:44
  • 671 Baxış
 Depressiyanın gizli səbəbi tapıldı -  DNT-də gizlənmiş fosil viruslar…
Tədqiqatçılar insanlarda olan qədim DNT-nin depressiya kimi psixiatrik xəstəliklərin səbəbi ola biləcəyini açıqlayıblar.

Medicina.az xəbər verir ki, İngiltərədəki “King's College”dən olan tədqiqatçılar qədim infeksiyalar nəticəsində yaranan DNT ardıcıllığının beyində olduğunu və bəzilərinin şizofreniya, bipolyar pozğunluq və depressiya kimi xəstəliklərə meyl yaratdığını aşkar ediblər.

Genomun təxminən 8 faizi yüz minlərlə il əvvəl baş vermiş qədim viral infeksiyaların məhsulları olan "İnsan Endogen Retrovirusları"ndan (HERV) ibarətdir.

Bu fosil virusların heç bir mühüm funksiyası olmadığı və sadəcə zibil DNT olduğu düşünülürdü.

Bununla belə, elm adamları bu fosil virusların DNT-də harada yerləşdiyini kəşf edərək hansı funksiyaları yerinə yetirə biləcəklərini anlamağa çalışırlar.

Tədqiqatçılar psixi sağlamlıq problemi olan və olmayan on minlərlə insanın iştirak etdiyi böyük tədqiqatların məlumatlarından istifadə ediblər. Həmçinin 800 nəfərin beyin otopsiyası nümunələrindən əldə edilən məlumatlar təhlil edilib. Bəzi genlərin HERV-lərdən təsirləndiyi müəyyən edilib.

Bu tədqiqatın insan beynindəki bir sıra spesifik HERV-in psixiatrik pozğunluqlara həssaslığa səbəb olduğunu göstərən ilk belə araşdırma olduğu bildirilir.

Tədqiqatçı, King's College Psixiatriya, Psixologiya və Neyrologiya İnstitutunun müəllimi Dr. Timoti Pauel bildirib ki, bu tədqiqat psixiatrik pozğunluqlara genetik həssaslığın müasir insan genomunda tapılan qədim viral ardıcıllıqla əlaqəsini qiymətləndirmək üçün yeni və möhkəm bir yanaşmadan istifadə edir.

Pauel qeyd edib ki, nəticələr insan beynindəki HERV-lərin düşüncədən daha mühüm rol oynadığını və müəyyən HERV profillərinin bəzi psixiatrik pozğunluqlara qarşı həssaslığın artması ilə əlaqəli olduğunu göstərir.

ABŞ-ın Northwell Healthdəki Feinstein Tibbi Tədqiqatlar İnstitutunun tədqiqatçısı Dr. Duqlas Nikson isə bunları söyləyib:

"Biz düşünürük ki, bu qədim viruslar və psixiatrik pozğunluqlarda iştirak etdiyi bilinən genlər daha yaxşı başa düşülsə, psixi sağlamlıq tədqiqatlarında inqilab etmək olar. Psixi problemlərə düzgün diaqnoz qoymaq və müalicə etmək üçün yeni yollar tapmaq baxımından da bu tədqiqatın böyük potensialı var".


Aysel