Hialuron turşusu ilə bağlı QƏRAR – Reseptsiz istifadəsi qadağan edildi

  • 2024.06.04 15:08
  • 540 Baxış
Hialuron turşusu ilə bağlı QƏRAR –  Reseptsiz istifadəsi qadağan edildi
Fransanın səhiyyə orqanları inyeksiya yolu ilə hialuron turşusunun istifadəsi üçün tibbi resepti məcburi edib.

Medicina.az xəbər verir ki, kosmetik müalicələrdə istifadə edilən və qeyri-peşəkarlar tərəfindən istifadəsi getdikcə artan hialuron turşusu ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirilib.

“Euronews” yazır ki, Fransa Səhiyyə Nazirliyi inyeksiya edilə bilən hialuron turşusunu əldə etmək üçün də tibbi göstəriş tələb edəcək.

Kosmetikada məşhur tərkib hissəsi olan hialuron turşusu (HA) qırışların doldurulmasından dodaqlara, buruna və ya yanaqlara həcm verməyə qədər bir çox sahədə inyeksiya kimi istifadə edilir. İnsan bədənində təbii olaraq mövcud olduğu üçün allergiyaya və ya mənfi əks təsirlərə səbəb olma ehtimalı az olduğundan bu məhsula üstünlük verilir.

Ancaq “Tweakments” kimi tanınan qeyri-cərrahi kosmetik prosedurların populyarlığının artması başqa təhlükələrə yol açır. Belə ki, qeyri-tibbi müəssisələrdə edilən bu cür prosedurlara da maraq artır. Aşağı qiymətlərlə və sosial media reklamları ilə bu cür yerlər istehlakçıların diqqətini cəlb edirlər.

"Bir neçə ildir ki, qeyri-rəsmi və gəlirli bazar inkişaf edib. Bəzi fərdlər və dırnaqarası mütəxəssislər özlərinə və ya başqalarına hialuron turşusu inyeksiyalarını tətbiq edirlər", - Fransa Səhiyyə Nazirliyindən bildirilib.

Ötən il Fransada iki bacı, 2019-cu ildə isə bir alman “Instagram” fenomeni həbs cəzasına məhkum edilib. Bildirilib ki, son illərdə qeyri-qanuni gözəllik inyeksiyalarına görə bir çox insan saxlanılıb.

Böyük Britaniya hökuməti də ötən ilin sonlarında yeni lisenziyalaşdırma sistemi yaratmaq üçün qeyri-cərrahi kosmetik prosedurların daha təhlükəsiz edilməsinin yollarını axtaracaqlarını açıqlayıb. 2021-ci ildən 18 yaşdan kiçiklər üçün inyeksiyalar qadağan edilib.

Bu inyeksiyaların qeyri-adi yan təsirləri nadir olsa da, allergiya, nekroz, infeksiya və hətta korluğa səbəb ola bilər.

Təlimsiz və ya lisenziyasız praktikantlar tərəfindən həyata keçirildikdə, fəsadlar və ya qeyri-qənaətbəxş nəticələrin üzə çıxması riski daha yüksəkdir.


Aysel