İsti vurmasından qorunmaq üçün ilginc üsul: paltarlarınızı isladın və...

  • 2024.07.10 20:08
  • 562 Baxış
İsti vurmasından qorunmaq üçün ilginc üsul:  paltarlarınızı isladın və...
İsti havalarda ölümcül istilik vurmasının qarşısını almaq üçün paltarları və şapkaları su ilə islatmaq, dərini nəm saxlamaq lazımdır.

Medicina.az xəbər verir ki, bunu “Daily Mail”ə britaniyalı həkim Rob Qallovey deyib.

O bildirib ki, isti havalarda “voltarol” və “ibuprofen” kimi iltihab əleyhinə dərmanlar qəbul etməkdən çəkinmək də vacibdir.

“Təhlükəli isti vurmasından qorunmağın ən yaxşı yolu günəş aktivliyinin pik saatlarında evdə qalmaqdır. Havanın temperaturunun 25°C-dən yuxarı olması və yüksək rütubətlə birləşməsi sağlamlıq üçün təhlükəli sayılır. Bədənin çox qızması nəticəsində həyati vacib orqanların (ürək, qan damarları, mərkəzi sinir sistemi) funksiyalarının pozulması baş verə bilər ki, bu da sağlamlığın kəskin şəkildə pisləşməsinə, baş ağrılarına, huşun itirilməsinə və ürək bulanmasına, hətta bəzi hallarda ölümə səbəb ola bilər”, - deyə həkim xəbərdarlıq edib.

O əlavə edib ki, çölə çıxmaq lazım olduqda insanlar özləri ilə kifayət qədər içməli su götürməli; açıq rəngli kətan və ya pambıq paltarlar geyinməli, həmçinin günəş eynəyindən və “şapka”lardan istifadə etməlidir.

Həkimin sözlərinə görə, yüksək rütubət şəraitində tərin buxarlanması və bədənin soyumasının effektivliyi azalır, buna görə də paltar və şapkalar su ilə isladılmalıdır.

“Antiinflamatuar dərmanların qəbulu dayandırılmalıdır. Bu dərmanlar böyrək və bağırsaq funksiyalarını poza bilər. 2023-cü ildə “European Journal of Applied Physiology” jurnalında dərc edilən araşdırmada müəyyən edildi ki, bədən istiliyi yüksəldikdə bağırsaq zədələnməsi də baş verir. Bu o deməkdir ki, iltihab əleyhinə dərmanların istiliklə birləşməsi bu həzm orqanına "ikiqat zərbə" vurur. Bağırsağın zədələnməsi həmçinin bağırsaq selikli qişasının keçiriciliyinin artmasına səbəb ola bilər. Bu da öz növbəsində bakteriyaların qana daha asan daxil olmasına imkan verir və potensial olaraq sepsisə (qan zəhərlənməsinə) səbəb olur”, - deyə həkim vurğulayıb.

Aysel