Yeniyetmələr arasında arıqladan dərmanlardan istifadə halları 6 dəfə artıb

  • 2024.05.30 12:24
  • 574 Baxış
Yeniyetmələr arasında arıqladan dərmanlardan istifadə halları  6 dəfə artıb
Yeniyetmələr arasında arıqlama və diabet dərmanlarından istifadə dəfələrlə artıb.

Medicina.az xəbər verir ki, bunu ABŞ-da aparılan araşdırmalar göstərib.

Belə ki, yeniyetmələr üçün nəzərdə tutulan arıqlama və diabet dərmanlarından istifadənin 2020-ci illə müqayisədə 6 dəfə artdığı anlaşılıb.

Statistika göstərir ki, son vaxtlar hər yaşdan olan insanların bu dərmanlara tələbatı artmaqdadır.

“JAMA” jurnalında dərc edilən araşdırma 2020-2023-cü illər arasında 12-25 yaş arası insanlar üçün bu dərmanların yazıldığı resept sayının 8 722-dən 60 567-yə yüksəldiyini göstərib.

Reseptlərin sayındakı ən böyük artıma səbəb gənc qadınların və yeniyetmə qızların təlabatıdır.

Tədqiqat zamanı ABŞ-dakı pərakəndə apteklərin 93%-dən çoxunun reseptlərini əhatə edən məlumatlar bazasından istifadə olunub. Ancaq reseptlər dərmanların nəyi müalicə etmək üçün nəzərdə tutulduğunu və xəstənin həqiqətən dərmanlardan istifadə edib-etmədiyini dəqiq göstərmir.

Müqayisə üçün tədqiqat müəllifləri digər dərmanları əhatə edən reseptlərin yazılması tendensiyalarını da araşdırıblar və eyni dövrdə bu yaş kateqoriyası üçün digər dərmanların təyin edilməsində 3% azalma olduğunu müəyyən ediblər.

Miçiqan Tibb Fakültəsi və Yale Universitetinin ekspertləri bildiriblər ki, bu qədər yeniyetməyə arıqladan dərmanların yazıldığı nəzərə alındıqda, təhlükəsiz və uyğun reseptlərin yazılmasını təşviq etmək səylərinə endokrinoloqlar, ailə həkimləri və tibb bacıları da daxil edilməlidir.

Bildirilib ki, piylənmə və 2-ci tip diabet getdikcə daha çox gəncə təsir edir. 2023-cü ildə aparılan bir araşdırmaya görə, ABŞ-da 2-ci tip diabetli 10-19 yaş arası insanların sayı son 20 ildə iki dəfə artıb. 2060-cı ilə qədər 2-ci tip diabetli gənclərin sayının 7 dəfə artacağı ehtimal edilir.

Başqa bir araşdırmaya görə, ABŞ-da hər 6 yeniyetmədən 1-i həddən artıq piylənmədən əziyyət çəkir, 5 yeniyetmədən 1-də isə artıq çəki problemi var. Piylənmə 14,4 milyon uşaq və gəncin həyatına mənfi təsir edir.

Araşdırmalar göstərir ki, piylənmə və artıq çəki psixi sağlamlıq problemləri ilə yanaşı, ürək xəstəliyi, böyrək problemləri və hətta xərçəng kimi digər sağlamlıq problemləri üçün əhəmiyyətli risk faktoru ola bilər.


Aysel