Azərbaycan Amerika Əczaçılar Assosiasiyası- Dünyanın nüfuzlu alimləri ilə əməkdaşlıq

  • 2023.04.13 14:52
  • 2096 Baxış
Azərbaycan Amerika Əczaçılar Assosiasiyası -  Dünyanın nüfuzlu alimləri ilə əməkdaşlıq
Əczaçılıq dünyanın ən çox tədqiqat tələb edən sənaye sahələrindən biridir və keyfiyyətli məhsulların hazırlanmasında, cəmiyyətə çatdırılmasında müxtəlif dövlət və özəl təşkilatlar tərəfindən həyata keçirilən səhiyyə təşəbbüslərinin uğuru üçün çox vacibdir. Bu baxımdan Azərbaycan əczaçılıq elm və sənaye sektorunun bu istiqamətdə mövqeyini möhkəmlətmək üçün yüksəkixtisaslı beynəlxalq cəmiyyətin təsisinə zərürət yaranmışdı.

"Medicina" xəbər verir ki, Azərbaycan Amerika Əczaçılar Assosiasiyası (İng: Azerbaijani American Pharmacists Association), ABŞ-ın Pensilvaniya ştatında 2020-ci ildə Pensilvaniya Universitetinin əməkdaşı Dr. Həsən Babazadə tərəfindən resmi təsis olunan akademik cəmiyyətdir. Assosiasiya, ABŞda fəaliyyət göstərən azərbaycanlı əczaçı mütəxəssisləri, o cümlədən də, Assosiasiyanın missiyasına və Azərbaycan əczaçılıq sektoruna marağı olan əcnəbi peşəkarları təmsil edən ən böyük və bu istiqamətdə bütün əczaçılıq peşəsini inkişaf etdirən yeganə təşkilatdır.

Assosiasiyanın əsası qoyulandan bəri, bir çox peşəkar əczaçılar daxil olmaqla, ekspert heyətimiz Amerikada əczaçılıq və ona bilavasitə əlaqəli olan nanotexnologiya, biomühəndislik, biotexnologiya, biotəbabət kimi sahələrdə fəaliyyət göstərən peşəkarlara və təhsil alan tələbələrə dəstək olur. Amerikanın ən qədim şəhərlərindən olan Filadelfiya qərargahından Assosiasiyanın peşəkar heyətinin gündəlik fəaliyyətinə, yüksək səviyyəli idarə heyəti rəhbərlik edir.

Assosiasiyanın idarə heyəti ABŞ-ın Pensilvaniya Universiteti, Amerika Əczaçılar Assosiasiyası, Yaponiyanin Kyoto Universiteti, Yaponiya Əczaçılıq Cəmiyyəti, Yaponiya Ksenobiotiklərin Tədqiqatı Cəmiyyəti, Naqasaki Universiteti, Ritsumeikan Universiteti və b. nüfüzlu institutlarla sıx əməkdaşlıq edir. Assosiasiya beynəlxalq təşkilatlarla birgə əczaçılıq peşəsinin institusionizasiyası və onun təcrübəsi üçün vahid hüquqi bazanın yaradılması kimi transformasiyaedici tədbirlər təşkil edir.

Assosiasiya fəaliyyətə başladığı dövrdən, COVİD-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, dünyanın müxtəlif olkərərində fəaliyyət göstərən üzvləri ilə virtual olaraq mütəmadi görüşlər keçirmişdir. Bu görüşlər zamanı Assosiasiyanın mövcud strategiyası və gələcək planları detallı müzakirə mövzusu olmuşdur. Xususilə qeyd olunmalıdır ki, Azərbaycan Amerika Əczaçılar Assosiasiyasının əməkdaşlıq etdiyi beynəlxalq institutlarla Azərbaycan əczaçılıq sektorunda fəaliyyət göstərən akademik və sənaye təşkilatların mütəxəssisləri ilə yaxın gələcəkdə müştərək əməkdaşlıq imkanları geniş müzakirə olunmuşdur. Məqsədimiz müxtəlif karyera mərhələsində olan azərbaycanlı əczaçıların dünya səviyyəsində rəqabətliliyinin artırılmasına, davamlı təhsil, mürəkkəb problemlərin həllinə dəstək olmaq, müasir qlobal səhiyyə mühitinə hazırlamaq, o cümlədən də, səhiyyə xidmətinin yükünü minimuma endirməklə, effektiv və təhlükəsiz dərman istifadəsini maksimuma çatdırmaq istiqamətində səmərəli tövhə verməkdir.


Əczaçılar istər kəskin epidemiya, istərsə də xroniki xəstəliklərin idarə edilməsi kimi qlobal fövqəladə vəziyyətlərdə, COVID-19 pandemiyası zamanı müşahidə edildiyi kimi, strateji qərar qəbuletmə proseslərində və adekvat reaksiya hazırlanmasında mühüm rol oynayırlar.

Assosiasiya, bu peşənin inkişafı üçün Azərbaycan və Amerika arasında körpü olmalqa gələcək nəsil əczaçıları müəyyən etmək və bu cür şəxsləri yüksək standartlara çatdırmaq üçün lazım olan kurrikulumun müəyyən edilməsi vəzifəsini qarşısına qoymuşdur.

Böyük məqsəd, gələcəyin əczaçılarını fərdiləşdirilmiş tibbi yanaşmalar məsələn, biotəbabət, hüceyrə və gen terapiyası, bioəcaçılıq mühəndisliyi kimi ən son texnoloji nailiyyətlərdən istifadə edərək dərmanlara bağlı ehtiyac və problemləri həll etməyə hazırlamaqdır. Ümüdvarıq ki, Azərbaycan Amerika Əczaçılar Assosiasiyası gələcəyin əczaçılarının cəmiyyətimizin səhiyyə ehtiyaclarına cavab verəcəklərini təmin etməyə öz tövhəsini verəcəkdir.

Aygün Musayeva
Medicina.az