Azərbaycanda çox ciddi dərman qıtlığı var- Professor

  • 2023.07.04 14:54
  • 1207 Baxış
Azərbaycanda çox ciddi dərman qıtlığı var - Professor

Azərbaycanda dövlət qeydiyyatına alınan dərman vasitələri apteklərdə fərqli qiymətlərə satıla bilər. “Dərman vasitələri haqqında” Qanuna ediləcək dəyişikliklər belə deməyə əsas verir.

Belə ki, təklif edilən dəyişikliyə görə, Tarif Şurası dərman vasitələri üçün vahid qiymət yox, qiymətin yuxarı həddini müəyyən edəcək.

Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən professor, tibb elmləri doktoru, həkim Adil Qeybulla bildirib ki, eyni tərkibli dərman vasitələrinin müxtəlif qiymətlərə satılması halları baş verir:


“Ayrı-ayrı ölkələrdə eyni təkibə malik dərman maddələri istehsal olunur. Lakin onlar müxtəlif qiymətə satıla bilər. Bu, onların yerindəki qiymətləri, nəqliyyat xərcləri ilə bağılıdır. Traif Şurası buna müdaxilə etməməlidir. Lakin buna zərurət varsa, dərmanın maya dəyəri daxil olmaqla əlavə dəyər vergisi, sahibkarın gəliri və s. hesablanaraq qiymət təyin edilməlidir. Kor-koranə olmamalıdır. Belə olduqda dərman qiymətlərinin həddindən artıq yüksəlməsi ehtimalı da azalır”.
A.Qeybulla yerli dərman istehsalına keçidi vacib sayır:


“Ölkəyə idxal edilən dərmanların miqdarına da diqqət edilməlidir. Ciddi dərman qıtlığı var. Ona görə də dərmanlar 1 il öncə ilə müqayisə aparılaraq idxal olunmalıdır ki, qıtlıq yaranmasın. Digər tərəfdən yerli istehsala da keçid etmək lazımdır. İcbari Tibbi Sığorta paketində işlənən, geniş tətbiq olunan antibiotiklər, qan duruldan və s. dərmanlar Azərbaycanda istehsal olunmalıdır. Ən azından bu haqda düşünməyin vaxtıdır”.


Qeyd edək ki, 2015-ci ildən başlayaraq mərhələlərlə dövlət qeydiyyatına alınan dərmanların qiymətinin Tarif Şurası tərəfindən müəyyən olunmasına başlanılıb.