Azərbaycanda dəhşət: estetik əməliyyatdan sonra bədəni çürüyür – Həkimlər hədə-qorxu gəlir

  • 2023.07.31 12:54
  • 4495 Baxış
Azərbaycanda dəhşət:  estetik əməliyyatdan sonra bədəni çürüyür  – Həkimlər hədə-qorxu gəlir
Azərbaycanda özəl klinika və hətta estetik mərkəzlərdə qadınlara bədən şəkilləndirmə, qarın liposaksiya, omba və sinə böyütmə, silikon və gel doldurma əməliyyatları ən təhlükəli şərtlər altında təklif edilir.


Artıq bu əməliyyatları ixtisasını kursla dəyişmiş kosmetoloq, terapevt, ginekoloqlar belə edir.

“Medicina” xəbər verir ki, redaksiyamıza daxil olan növbəti uğursuz əməliyyat qurbanı olan qadınların birinin omba, digərinin süd vəzisinin çürüməyə doğru getdiyi məlum olub.

Belə ki, özəl klinikada kifayət qədər reklamı olan qadın plastik cərraha bədən şəkilləndirmə əməliyyatı edən xəstənin bir müddət sonra əməliyyat hissəsi qaralmağa, geli bədənin qəbul etməməsi səbəbindən nekrozlaşması başlayıb.

Qeyd edək ki, yara və əməliyyat yerində toxumaların belə yeyilməsi həm də xəstəxana və əməliyyatxanalarda çirklənmə səbəbindən “ətyeyən” bakteriyaların, antibiotiklərə davamlı mikrob və bakteriyaların xəstəyə keçməsi səbəbindən baş verir.

Belə hallardan həkim yaxasını kənara çəkir, klinikaya bakterial infeksion çirklənməni sübut etmək olmur, xəstə bədənini xilas etmək üçün Türkiyəyə gedib, 20-30 min manatından keçib ən ağır müalicələri qəbul etməyə məcbur olur.

Belə çürümə halları Azərbaycanda demək olar, çox yayılıb, bir çoxları gizlədilir, bir çoxlarında isə bu xanım pasiyentdə olduğu kimi həkim tərəfindən hədə-qorxu gəlinərək, “səni tutduraram, ərim polisdir, atam polisdir, məhkəməyə verərəm” kimi hədələrlə xəstənin mətbuata çıxmasının qarşısını alır. Bəzi hallarda isə xəstələr utandığından, kimliyinin ifşa olunmaması üçün gizlin qalır və canını xilas etmək uğrunda təkbaşına çarpışır.

Ən dəhşətlisi budur ki, xəstələr ciddi yoxlanmadan əməliyyata alınır, qan xərçəngi, digər növ xərçəng, infeksion xəstələrinə süni gel vurur və müxtəlif əməliyyatlar edirlər.

Əməliyyatların qiyməti isə 5000-9000 manat arasıdır.

Medicina.az bu çürüyən bədənlərin müəllifi olan “estetik” cərrahların artıq kim olduğunu araşdırır. Cərrahlardan biri qadın, digəri kişi həkimdir. Hər ikisi kifayət qədər reklam olunur və özəl tibb mərkəzində çalışır.

Aygün Musayeva
Medicina.az