– Komitə təkliflər hazırlayır, çıxış yolları axtarır/ Müsahibə Azərbaycanda demoqrafik böhran təhlükəsi

  • 2018.11.26 12:05
  • 25011 Baxış
 – Komitə təkliflər hazırlayır, çıxış yolları axtarır/ Müsahibə  Azərbaycanda demoqrafik böhran təhlükəsi
Son 8 ildə Azərbaycanda doğulan uşaqların sayının azalması narahatlıq doğurmaya bilməz. 2011-ci illə 2017-ci ili müqayisə etsək, doğulan uşaqların sayı 18 faizə qədər azalıb. Bu ilin 9 ayının statistikası da azalma tendensiyasının davam etdiyini göstərir. Hələlik əhalinin ümumi sayında təbii artım olsa da, doğulan uşaqların sayında azalma növbəti illərdə də davam edərsə, demoqrafik böhran qaçılmaz olacaq. Bəs demoqrafik böhranla üzləşməməyimiz üçün hökumət və müvafiq qurumlar hansı addımları atır?

 

Medicina.az məsələ ilə əlaqədar bu sahə ilə bilavasitə məşğul olan, tədqiqatlar aparan  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edib. Suallarımızı cavablandıran Dövlət Komitəsinin  İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova demoqrafik böhran təhlükəsinin aradan qaldırılması üçün görülən və görüləcək işlərdən danışır…


-Son illərə nəzər salsaq, Azərbaycanda doğulan uşaqların sayı necə dəyişir? 


- Demoqrafik proseslərin 3 əsas sütunu var. Bunlar ölüm, doğum və miqrasiyadır. Bu amillərin hər biri bu və ya digər ölkənin, cəmiyyətin demoqrafiya proseslərinin yüksəlişə, yaxud tənəzzülə doğru getdiyini bizə əyani şəkildə göstərir. Hər bir ölkə, dövlət çalışır ki, ölüm, doğum və miqrasiya məsələlərini diqqətdə saxlasın, cəmiyyətdə disbalans yaranmasın. Bu gün dünyanın bir çox ölkələrində doğulan uşaqların sayının azalması aktual məsələ kimi diqqətdədir. Təəssüflər olsun ki, Azərbaycan da  bu proseslərdən kənarda deyil. Son 8 ilin statistikasına nəzər yetirsək, doğulan uşaqların sayı azalma dinamikası üzrə gedir. Əgər 2011-ci ildə 176 mindən çox uşaq doğulmuşdusa, 2017-ci ildə doğulan uşaqların sayı 144 min 41 nəfər olub. Bu ilin 9 ayında isə 103 min uşaq dünyaya gəlib. Bu rəqəmlərin özü də deməyə əsas verir ki, ölkədə doğulan uşaqların sayında azalma dinamikası müşahidə olunur.   


-Doğulan uşaqların sayında müşahidə olunan azalma dinamikasının səbəbləri nədir? 


- Hər şeydən əvvəl öncə onu demək istəyirəm ki, hazırda demoqrafik nöqteyi-nəzərdən əhalinin sayında müsbət tendensiya müşahidə olunur. Çünki ölüm və doğum faktlarının biri digərini izləməsi və müşayiət etməsi təbii artımın hələ də qaldığını göstərir. Yəni doğum halının azalması müşayiət olunsa da, bu, orta səviyyədədir. Ona görə də bütövlükdə əhalinin sayında artım müşahidə olunur. Hələ ki, Azərbaycanda demoqrafik proseslərdə bir gərginlik yaşanmır.


Doğulan uşaqların sayının azalması səbəblərinə gəlincə,  Dövlət Komitəsi bu sahədə araşdırmalar aparıb. Hansı nəticələrə gəlmişik? Bunun müxtəlif səbəbləri var. İlk öncə zamanın gətirdiyi yeni dəyərləri, insanların ailəyə və ailədə uşaqların sayına münasibətinin dəyişməsini qeyd etməliyik. Yəni valideynlərin neçə uşaq dünyaya gətirə bilməsi və o uşaqları böyüdə bilməsi məsələsinə  yanaşmadan söhbət  gedir. 


İkinci səbəb həm qadınlar, həm də kişilər arasında sağlam yaşama mədəniyyətinə, öz sağlamlığına xüsusi diqqət yetirməyə bir qədər məsuliyyətsiz yanaşma ilə bağlıdır. Bu da sonda reproduktiv sağlamlığa ciddi zərbələr vurur, nəticədə ailələrin nəsil artırma qabiliyyəti zəifləyir.  Elə faktlar olur ki, ailədə bir, yaxud iki uşaq dünyaya gəlir, sonra valideynlər istəsə də belə, onların reproduktiv sağlamlıqları növbəti uşaq dünyaya gətirməyə imkan vermir.  Digər məqam odur ki, qadın uşaq dünyaya gətirəndən sonra elə psixoloji sarsıntı yaşayır, yaxud orqanizmi, sağlamlığı elə zərbələr alır ki, həkimlər tibbi göstərişlərə əsasən onun yenidən ana olmasına qadağa qoyur. 


Başqa bir səbəb ekoloji, qida təhlükəsizliyi ilə bağlıdır. Bu gün qidalanma mədəniyyəti, təmiz hava problemi də insan sağlamlığına təsirsiz ötüşmür. Bu da insanların nəsilartıma qabiliyyətinə təsir göstərir. O amillərin həmin anda sağlamlığımıza təsirini görmürük. Amma bu amillərin təsiri ilə ildən ilə orqanizmdə gedən dəyişikliklər reproduktiv sağlamlığa öz təsirini göstərir. 


Ancaq biz ilk növbədə insanların ailə qurmağa münasibətinin dəyişməsi məsələsini qeyd etməliyik. İstər qadın, istər kişi olsun, bu gün cəmiyyətdə özünü təsdiq etmək istiqamətində bir mübarizə var. İnsanlar karyera qurmaq, təhsil almaq, daha yaxşı işlə təmin olunmaq istəyirlər. Digər tərəfdən, zaman tələb edir ki, bu gün doğulan uşağa təhsil, sağlam inkişaf nöqteyi-nəzərdən böyük kapital qoyulsun. Valideynlər fikirləşir ki, üç, dörd uşağa yox, bir, yaxud iki uşağa daha çox vaxt ayıra, keyfiyyətli təhsil və yaşayış şəraiti təmin edə bilər. Bu, əslində, ailə planlaşdırması ilə bağlı olan məsələdir. Bu gün insanların yanaşması dəyişib.   Bu ailə planlaşdırması da dünyaya gələn uşaqların sayına təsir göstərir. 


Biz heç bir ailəyə hökm verə, nəzarət həyata keçirə bilmərik. Sadəcə, dövlət ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində siyasət aparır, bu istiqamətdə müxtəlif sosial proqramlar həyata keçirir, kifayət qədər sosial müavinətlər verilir. Məsələn, 5-dən çox uşağı olanlara, 1 yaşlı uşaqlara və müxtəlif təbəqələrə aid ailələrə sosial müavinətlər verilir.  Bu gün doğuma təsir edən amillər sırasında insanların məşğulluğunu qeyd edirlər. Amma bu gün Azərbaycanda özünəməşğulluq və "ABAD” proqramları var, bir neçə gün əvvəl DOST layihəsinin də təqdimatı keçirildi. Çoxlu sayda ailələr özünəməşğulluq və ABAD proqramları nəticəsində işlə təmin olunub, gəlirləri çoxalıb. Bunlar hamısı iqtisadi cəhətdən insanlara çox böyük kömək, dəstəkdir. Biz apardığımız araşdırmalar nəticəsində görürük ki, iqtisadi amil ailədə uşaqların sayına təsir edən əsas amil deyil. Baxırıq ki, iqtisadi cəhətdən çox yüksək təmin olunmuş ailələr var ki, 1, yaxud 2 uşaqları var. Amma iqtisadi cəhətdən orta səviyyədə, yaxud zəif təmin olunmuş kasıb ailələrdə əksinə, uşaqların sayı daha çoxdur. Başqa sözlə, iqtisadi amilin bu və ya digər formada təsiri olsa da, əsas amil deyil. Dünyaya gələn uşağa münasibət, qayğı, valideyn üzərində hansı məsuliyyəti hiss edir, bunlar əsas amillərdir. 


Sosial müavinətlərin hər il artırılması istiqamətində də addımlar atılır. Bu yaxınlarda da 2019-cu il büdcə müzakirələri zamanı həm Dövlət Komitəsi, həm millət vəkilləri, həm də digər dövlət qurumları tərəfindən məsələ qaldırıldı ki, doğuşa görə analara verilən birdəfəlik müavinətin məbləği, uşaq pulları artırılsın. Bu məsələlər həllini tapacaq və insanlar bu istiqamətlərdə artımı da artıq hiss edirlər. Amma bununla yanaşı, uşaqların sayına əsas təsir göstərən amil insanların, ailənin, valideynin öz yanaşmasıdır.  

 



- Komitə bu yanaşmanın aradan qaldırılması istiqamətində hansı işləri görür? 


- Biz Komitə olaraq insanları maarifləndiririk. Hətta psixoloqlarımızı dəvət edirik ki, valideynlərə  təkuşaqlı ailələrdə uşaqların eqoist böyüdüyünü, paylaşmağı, başqalarının sevincinə şərik olmağı bacarmadığını, zəif, kompleksli olduqlarını izah etsinlər.   


KİV-in maarifləndirmə istiqamətində rolu çox vacibdir. Biz tərəfdarıyıq ki, hər bir jurnalist bu və digər məsələni bir alov kimi yox, bir problem kimi versin, insanları düşündürsün. İnsanları fikirləşməyə məcbur etsin ki, nə üçün uşaqlarımın sayı azdır, niyə qız övladlarıma belə tərbiyə vermişəm. Təəssüflər olsun ki, elə xəbərlərə, verilişlərə rast gəlirik ki, insanlar ailədə çox uşağın olmasından diksinir, qorxurlar. Düşünürlər ki, nə yaxşı ki, bir uşağı var, bir uşaq bəs edir. Tutaq ki, verilişdə 3-4 uşağı olan ailə göstərilir, uşaqların hərəsinin də bir xəstəliyi, problemi var. Amma o qədər nümunəvi çoxuşaqlı ailələrimiz var ki!  Uşaqlarının hamısı ali təhsil alıb, hansısa peşə sahibləridir, bu gün cəmiyyətdə yüksək mövqelərdədirlər. Belə ailələrin təbliği ailələrdə daha çox uşağın dünyaya gətirilməsi yönündə stimullaşdırıcı rol oynayır. Biz bu istiqamətdə maarifləndirmə aparırıq, ən yaxın dostumuz da  KİV-dir.    


- Ölkədə doğuş hansı səviyyəyə düşsə, bu, kritik hədd olacaq? 


- Bu gün biz nəsilvermə əmsalına baxsaq, azalma dinamikası var. Təbii artım olsa da, bu artımda da azalma dinamikasını müşahidə edirik. Araşdırma nəticəsində bununla bağlı çoxlu sayda  səbəbləri də üzə çıxarırıq. Aidiyyəti üzrə çoxlu sayda layihələr, təkliflər paketi hazırlanaraq hökumətə təklif olunur ki, növbəti 10, 20 il üçün müəyyən işlər görülməsə, hansı demoqrafik çətinliklərlə üz-üzə qala bilərik. Həm dövlət başçısı, həm hökumət bütün bu təkliflər paketini, hazırladığımız hesabatları nəzərdən keçirir və bunlar yeni qəbul olunmuş sənədlərdə öz əksini tapır. Məsələn, "Azərbaycan 2020 Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında bir sıra sənədlərin hazırlanması tapşırıq kimi qarşıya qoyulub. Məsələn, bu sırada Azərbaycan Ailəsi Strategiyası, Uşaq Strategiyası var. Bunlar həm də birbaşa həmin məsələlərə hesablanmış sənədlərdir. Bu sənədlərdə də tədbirlər planı əksini tapıb. 


Biz oktyabr ayında doğulan uşaqlar arasında cins nisbətinin pozulmasının qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planının ictimai təqdimatını keçirdik. Bu da vacib bir sənəddir. Yaxud 12 istiqamət üzrə strateji yol xəritəsi təsdiqlənib. Burada da əhalinin məşğulluğu, sağlamlığı öz əksini tapıb. Azərbaycan 193 ölkə kimi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə də qoşulub, 2016-cı ildən 2030-cu ilə qədər, yəni 15 il ərzində bizim qarşımızda  bir sıra vəzifələr qoyulub.   Bunlardan biri yoxsulluğun azalması ilə bağlıdır. Bu, Azərbaycan üçün problem deyil, amma biz yenə də o istiqamətdə iş aparırıq. Qidalanma, təmiz hava, gender bərabərliyi, ana və uşaq sağlamlığı, təhsilə əlçatanlıq da daxil olmaqla, qarşımızda 17 məqsəd var. Bununla bağlı hər bir müvafiq dövlət qurumunun qarşısında vəzifələr var. Bu vəzifələri yerinə yetirməliyik ki, sonda dediyimiz məqsədlərə çataq. 


Burada həm də aidiyyəti dövlət qurumlarının əməkdaşlığından, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlarla əməkdaşlıqdan söhbət gedir. Çünki inkişaf etmiş ölkələrin təcrübələrini öyrənmək və Azərbaycan mühitinə uyğun təcrübələrin seçilərək tətbiq olunması da çox vacib məsələlərdir. Biz bu istiqamətdə beynəlxalq təşkilatlarla və vətəndaş cəmiyyəti ilə böyük işlər görürük. Artıq kommersiya müəssisələri də bu məsələdə çox böyük fəallıq göstərirlər. Bu yaxınlarda Dövlət Komitəsi və "Kapital Bank” arasında bir memorandum imzalandı və uşaqların zərərli informasiyalardan qorumaq, internet təhlükəsizliyini qorumaqla bağlı bir layihəyə start verdik. Digər qurumları ilə də ikitərəfli və çoxtərəfli əməkdaşlıq memorandumlarımız, birgə tədbirlər planımız var. Bütün bunlar ona görədir ki, vətəndaşların problemlərini zamanında aşkarlayaq, hökumətə zamanında düzgün təklif layihələri təqdim edək. Beləliklə, qanunvericilikdə müvafiq dəyişikliklərə nail olaq ki, onların əsasında icra mexanizmləri hazırlansın. 


Həm Prezident, həm Birinci Vitse-Prezidentin bu məsələyə xüsusi diqqəti var. Ümid edirik ki, 2030-cu ilə qədər həm demoqrafik, həm də insan hüquqları nöqteyi-nəzərindən öz hədəflərimizə çatmağı bacaracağıq.

 



- Əgər bu səylər nəticə verməsə, doğuşun səviyyəsinin azalması tendensiyası davam etsə, bu gedişatla hansı illərdə demoqrafik böhranla üzləşə bilərik? 


- Bizim məqsədimiz 2030-u ilə qədər bizim üçün kritik məsələləri aradan qaldırmaqdır. Biz 2013- 2014-cü illərdən bu problemi görür, araşdırırdıq, müəyyən təhlillərimiz vardı, hökumət qarşısında məsələlər qoyurduq. 2012-2013-cü illərdə Dövlət Komitəsi BMT-nin Əhali Fondu ilə birlikdə doğulan uşaqlar arasında cins nisbətinin pozulması ilə bağlı ilk dəfə tədqiqat həyata keçirdi, nəticələrini ictimaiyyətə təqdim etdik. Ana və uşağın sağlamlığı və mühafizəsinə dair yeni Dövlət Proqramı qəbul edildi. Eyni zamanda irsi xəstəliklərin qarşısının alınması, talassemiya və hemofiliya ilə mübarizə dair Dövlət Proqramı qəbul edildi. Qanunvericilikdə bu xəstəliklərin qarşısının alınması və insanların maarifləndirilməsi üçün nikahdan öncə cütlüklərin məcburi qaydada tibbi müayinədən keçməsi əksini tapdı. Nikahdan əvvəl hər qız, həm də oğlana izah edilir ki, əgər hansısa xəstəlikləri varsa, bu müalicələri keçdikdən sonra uşaqları xəstə doğulmaz. 


İnanıram ki, yaxın zamanlarda qəbul edəcəyimiz sənədlər və əhalinin məşğulluğunun artırılması, təhsilə əlçatanlığın daha da gücləndirilməsi, insanların maarifləndirilməsi müsbət nəticələr verəcək. Bu nəticələr həmin o kritik anı yaşamamağımıza gətirib çıxaracaq. Bizim gözləntilərimiz pozitivdir. Bir məqamı da qeyd edim. 2019-cu ildə Azərbaycanda əhali siyahıya alınacaq. Əhalinin siyahıya alınması bizə əsas verəcək ki, növbəti 10 il üçün qarşımızda duran prioritetləri, vəzifələri müəyyənləşdirək, hansı proqramların, sənədlərin qəbul edilməli olduğunu dəqiqləşdirək. Çünki bir prosesi həyata keçirmək üçün ilk növbədə qanunvericilik bazası olmalıdır. Hədəf 2030-cu il, növbəti hədəf isə 2050-ci ildir. 2030-cu ilə qədər bəlkə də 1, yaxud 2 dəfə demoqrafiya sahəsində böhranlı vəziyyətlər ola bilər, amma bütövlükdə 2030-cu ilə müsbət nəticələrin daha çox olacağına inanıram.   


Çingiz Əliyev

Medicina.az
 – Komitə təkliflər hazırlayır, çıxış yolları axtarır/ Müsahibə  Azərbaycanda demoqrafik böhran təhlükəsi
 – Komitə təkliflər hazırlayır, çıxış yolları axtarır/ Müsahibə  Azərbaycanda demoqrafik böhran təhlükəsi