Azərbaycanda dərmanla bağlı vəziyyət biabırçıdır - Millət vəkillərindən sərt reaksiya

  • 2023.06.23 14:29
  • 2242 Baxış
Azərbaycanda dərmanla bağlı vəziyyət biabırçıdır   - Millət vəkillərindən sərt reaksiya

Bu gün Milli Məclisdə "Dərman vasitələri haqqında" qanunun müzakirəsi zamanı deputatlar Azərbaycanda dərman təminatı və təhlükəsizliyi ilə bağlı narazılıq dolu çıxışlar edib.

"Medicina" xəbər verir ki, bir sıra deputatlar dərmanların qiymət və keyfiyyətini tənqid edib.


Parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva:

“Mən sual edirəm, bu qədər keyfiyyətsiz dərman ölkəyə necə gəlib çıxıb? Aydınlıq gətirilsin ki, bizdə olan dərmanlarla Türkiyə bazarında olan dərmanlar arasında qiymət fərqi niyə yaranır? Reseptlərdə ən çox bioloji aktiv qida əlavələri yazılır. Bunun qiyməti də dərmandan qat-qat bahadır. Bioloji qida əlavələrinin reseptlərdə yazılması narazılıq yaradır.

İkincisi, ölkədə antibiotiklərdən necə gəldi istifadə halları var. Dünyanın hansı inkişaf etmiş ölkəsində belə təcrübə var ki, aptekdən antibiotik reseptsiz verilsin? Yoxdur! Bu məsələ neçə dəfə qaldırılıb, amma görürük ki, nəticəsiz qalır. İldə iki dəfə xaricə çıxan insan gələndə özünə və yaxınlarına dərman gətirirsə, onlar da incidilməməlidir. Bu insanlar dərmanları qiymətə və keyfiyyətə görə gətirirlər”.


Deputat Razi Nurullayev deyib ki, vətəndaşlar tərəfindən ölkəyə gətirilən dərman vasitələrinin müsadirə edilməsi, onların incidilməsi halları var:

“Telefonları başa düşmək olar ki, kimlərsə ayfon üzərindən qeyri-leqal biznes qurub. Öz xəstələrinə dərman gətirənlərə isə gərək şərait yaradılsın. Kimsə 6 aylıq, bir illik dərman alırsa, bu da şübhə doğurur və vətəndaş ciddi şəkildə incidilir. Gömrük işçiləri tərəfindən dərman vasitələrinin müsadirəsi və yoxlanılması yəqin ki, Gömrük Məcəlləsinə əsasən edilir və buna görə mən onları da qınamaqdan uzağam. Bu maddənin yaratdığı məhdudiyyətləri nəzərə alaraq, düşünürəm ki, Nazirlər Kabineti şəxsi istifadə üçün xaricdən dərman vasitələrinin gətirilməsini tənzimləyən bir təlimat hazırlaya, yaxud qərarla qaydalar müəyyənləşdirə bilər. Bu qaydalara uyğun da vətəndaşlar sənədləri özləri ilə götürə və gömrük işçilərinə təqdim edə bilərlər ki, bu da məsələni kökündən həll etmiş olar”.

Aygün Musayeva