Azərbaycanda pediatriyaya dair təlimlər keçirilib

  • 2017.09.30 11:56
  • 13430 Baxış
Azərbaycanda pediatriyaya dair təlimlər keçirilib
2014-cü ildən başlayaraq UNİCEF-in və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrası və Bakı şəhər Uşaq Bərpa Müalicə Mərkəzinin iştirakı ilə İnkişafın Dəstəklənməsi və İzlənməsi üzrə Beynəlxalq Rəhbərliyin(İDİR) tətbiqinə dair tədbirlər həyata keçirilir.

 

Medicina.az xəbər verir ki, həmin təlimlərdən biri sentyabr ayının 26 və 27-i Respublika Klinik Uşaq xəstəxanası və Bakı şəhər Uşaq Bərpa Müalicə Mərkəzində  Ankara Universitetinin Tibb fakültəsinin əməkdaşları Dr.Hakan Balta və Dr.Revan Mustafayevın rəhbərliyi ilə keçirilib. Təlim zamanı İDİR üzrə təlimatlandırılmış institutun əməkdaşlarının təlim vermək bacarıqları qiymətləndirilib. Təlimdə pediatriya kafedrasında ixtisasartırma kursları keçən Azərbaycanın müxtəlif şəhər və rayonlarından gəlmiş 55 nəfər pediatr iştirak edib.


 

2 gün ərzində keçirilən təlimdə erkən uşaqlıq dövründə inkişaf və davranışa bir çox tibbi, psixi və sosial amillərin təsiri barəsində məlumatlar təqdim edilib, inkişaf pediatriyasının prinsiplərinə və fənnlərarası yanaşmalara xüsusi yer ayrılıb. Eyni zamanda pediatrlara İDİR-in istifadəsi nəzəriyyəsi əsaslanmış şəkildə təqdim olunub.

 

Təlim iştirakçılarına klinik təcrübədə İDİR-in istifadəsi üçün şərait yaradılıb.

 

Təlimin sonunda keçirilən müzakirələr zamanı həkimlər İDİR-in uşaqlarda inkişaf çətinliklərini erkən aşkarlamaq üçün rahat bir vasitə olduğunu vurğulayaraq onu öz işlərində istifadə edəcəklərini qeyd ediblər.

 

Nəzərə çatdırılıb ki,bu kimi təlimlərin regionlarda da təşkili planlaşdırılır.