Azərbaycanda qadına bir dəfə narkoz verib, 3 əməliyyat etdilər

  • 21 Dek 2021 16:37
  • 511 Baxış
Azərbaycanda qadına bir dəfə narkoz verib, 3 əməliyyat etdilər

“Bu günlərdə bir nəfər qadın xəstəmizin üzərində üç əməliyyatı eyni vaxtda icra etdik. Belə ki, pasiyentimiz “düyünlü ur”, sol tərəfli “paratiroid adoneması” və həmçinin “öd daşı xəstəliyi” diaqnozu ilə bağlı bizə müraciət etmişdi. Öncə düyünün xoş və ya bədxassəli olmağını təyin etmək üçün biopsiya proseduru keçirildi. Aparılan müayinələr zamanı qalxanvari vəzin sol payı biopsiya olunaraq cərrahi əməliyyat qərarı verildi. Daha sonra qadın intubasion narkoz altında “sinir cihazının müşayiəti ilə total tiroidektomiya, sol yuxarı paratiroidektomiya və laparoskopik üsulla xolesistoektomiya” əməliyyatı aparıldı”.

Medicina.az xəbər verir ki, bunu ATU-nun I Cərrahi xəstəliklər kafedrasının assistenti, tanınmış cərrah-endokrinoloq, t.ü.f.d. Azər Hümmətov bildirib.

Mütəxəssisin sözlərinə görə, əgər biopsiya zamanı düyünün xoşxassəli olması təsdiq olunarsa, həkim-endokrinoloq xəstəyə lazım olan müalicə də təyin edə bilər. Lakin bir çox hallarda qalxanvari vəzidə yalnız belə düyünün olması heç bir xüsusi müalicə tələb etmir: “Bütün hallarda qalxanvari vəzidə simptomsuz xoşxassəli düyünün olması cərrahiyyə müalicəsi üçün göstəriş sayılmır. Lakin bəzi hallarda hətta xoşxassəli şişlər də cərrahiyyə yolu ilə müalicə olunmalıdır”.

Öd daşı xəstəliyinin yaranması və müalicəsindən bəhs edən cərrah vurğuladı ki, bu, əhali arasında ən çox rast gəlinən və qarın boşluğunda əməliyyata səbəb olan bir xəstəlikdir: “Bu xəstəliyə yaş artdıqca, adətən qadınlarda rast gəlinir. “Öd daşı xəstəliyi”nin laparoskopik cərrahiyyə metodu ilə aradan qaldırılması hazırda “qızıl standart” sayılır. Reabilitasiya, yaranın tez sağalması, xəstəxanada qalma müddətinin daha qısa və əməliyyat travmasının az olması bu metodun mühüm üstünlükləridir. Məhz buna görə də biz yalnız bir dəfə “narkoz” verməklə bu xəstənin üzərində eyni vaxtda hər üç əməliyyatı birgə həyata keçirməli olduq. Çünki həm də yuxarıda qeyd etdiyim kimi, bir “narkoz”la üç əməliyyatın aparılması xəstə üçün də az travma hesab olunur. Onu da qeyd edim ki, bu üç əməliyyatın eyni vaxtda aparılması tibbi ədəbiyyatda “simultant” əməliyyatı adlanır”.

Xəstənin sağlıq durumu haqqında da məlumat verən həkim əlavə edib ki, pasiyent əvvəlcə bu əməliyyatdan qorxub, sonra həkimlər ona bunun daha əlverişli olduğunu başa salıb və o son anda razılaşıb. Gərgin keçən əməliyyatın iki saat davam etdiyini deyən cərrah bildirib ki, hər üç əməliyyat sonda uğurla başa çatıb. Xəstənin vəziyyəti isə kafi qiymətləndirilib və bir gün sonra evə yazılıb.