Milli qanunvericilikdə səhiyyə ilə bağlı mühüm dəyişiklik baş verib.
Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilən son düzəlişə əsasən, onkoloji yardım artıq yalnız ixtisaslaşmış dövlət tibb müəssisələrində deyil, eyni zamanda “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq lisenziya almış özəl klinikalarda da həyata keçiriləcək.
İndiyə qədər qüvvədə olan “Onkoloji yardım haqqında” qanuna əsasən xərçəng xəstələrinə tibbi xidmət yalnız dövlətə məxsus ixtisaslaşdırılmış müəssisələrdə, xüsusilə Milli Onkologiya Mərkəzində göstərilirdi və bu xidmətlər dövlət büdcəsi hesabına maliyyələşirdi.
Yeni dəyişiklik isə bu sahədə dövlət monopoliyasını, nəzarəyini yumşaldır və özəl sektora hüquqi qapı açır.
Medicina.az bildirir ki, bu addım ilk baxışdan pasiyent hüquqlarının genişlənməsi kimi görünür. Amma məsələ təkcə seçim azadlığında deyil, söhbət həm də səhiyyə sisteminin gələcək modelindən gedir.
Pasiyent üçün nə dəyişir?
Qanunvericilikdə artıq mövcud olan norma, yəni vətəndaşın həkimini və müalicə müəssisəsini seçmək hüququ indiyədək onkoloji sahədə faktiki işləmirdi.
Xərçəng xəstələri məcburi şəkildə dövlət mərkəzlərinə yönləndirilirdi.
Yeni dəyişikliklə:
• Pasiyent dövlət və ya özəl klinika arasında seçim edə biləcək
• Müalicə həkimini sərbəst müəyyənləşdirəcək
• Müasir avadanlıqlarla təchiz olunmuş özəl mərkəzlərdən yararlanmaq imkanı qazanacaq.
Bu isə uzun növbələrin azalmasına, diaqnostika və müalicə prosesinin sürətlənməsinə səbəb ola bilər.
Eyni zamanda, ölkə daxilində onkoloji xidmət imkanlarının genişlənməsi xaricə müalicə üçün gedən vətəndaşların sayını azalda bilər.
Hazırda minlərlə azərbaycanlı xərçəng müalicəsi üçün başqa ölkələrə üz tutur və bu, həm ailələr üçün ağır maliyyə yükü yaradır, həm də ölkədən ciddi valyuta axınına səbəb olur.
Dövlət üçün üstünlüklər:
Dəyişiklik dövlət sektorunun üzərindəki yükü də qismən azalda bilər:
• Büdcə xərclərinin bir hissəsi özəl sektorun üzərinə keçəcək
• Dövlət onkoloji mərkəzlərində sıxlıq azalacaq
• Rəqabət mühiti formalaşacaq
•Yeni müayinə, müalicə metodları tətbiq olunacaq
Nəzəri baxımdan bu, xidmət keyfiyyətinin artmasına, yeni texnologiyaların tətbiqinə və həkimlərin peşəkar inkişafına təkan verə bilər. Amma risklər də az deyil
Onkologiya adi tibbi xidmət, adi müalicə deyil. Burada söhbət birbaşa insan həyatından gedir. Özəl sektorun bu sahəyə daxil olması bir sıra təhlükələri də gündəmə gətirir.
Kommersiyalaşma riski
Ən ciddi təhlükə onkoloji xidmətin biznes modelinə çevrilməsidir. Lazımsız analizlər, bahalı “müalicə paketləri”, psixoloji baxımdan zəif vəziyyətdə olan xəstələrin əlavə xərclərə sürüklənməsi real risk olaraq qalır. Əgər dövlət nəzarəti zəif olarsa, xəstə üzərindən qazanc mexanizmi güclənə bilər. Və milyonlarla itki yarana bilər.
Qiymət məsələsi
Özəl klinikalar dövlət tarifləri ilə işləməyə bilər.
Bu isə:
• Müalicə xərclərinin kəskin artmasına
• Sosial baxımdan zəif təbəqənin onkoloji xidmətlərdən kənarda qalmasına səbəb ola bilər.
Keyfiyyət və nəzarət problem
Onkoloji yardım yüksək riskli sahədir. Səhv diaqnoz və ya yanlış müalicə ölümcül nəticələr doğura bilər. Buna görə də lisenziyalaşdırma prosesi formal deyil, son dərəcə sərt və şəffaf olmalıdır. Digər tərəfdən, güclü mütəxəssislərin və texniki bazanın özəl sektora axını dövlət müəssisələrinin zəifləməsi ilə nəticələnə bilər. Düzgün icra olunarsa, sistem qazana bilər.
Hər gün özəl klinikalarda səhv diaqnoz, yanlış müalicə, uğursuz əməliyyatlar barədə şikayətlər yaranır, lakin özək tibb müəssisəsi az qala şəxsi mülkiyyət hesab olunduğu üçün, hələ bu vaxta qədər heç bir özəl klinika ciddi cəza almayıb.
Kim zəmanət verəcək ki, xərçəng xəstələrinin şikayəti yerindəcə, düzgün araşdırılacaq və buna nəzarət hansı qurumda olacaq?
Azərbaycanda ən az peşəkar həkimi olan sahə elə onkologiyadır. Peşəkar onkoloqlar, cərrahlar, eləcə də kimyaterapiya mütəxəssisi çox azdır.
Özəl tibb müəssisəsi kadr boşluğunu necə dolduracaq? Dövlət sektorunda illərlə ad qazanmış, yaxşı həkimləri müəyyən təkliflərlə öz tərəfinə çəkəcək, yoxsa gənc həkimlərə etibar edəcək?
Qanuna edilən dəyişiklik hüquqi baxımdan məntiqlidir və pasiyent hüquqlarını genişləndirir.
Amma onun real nəticəsi üç əsas amildən asılı olacaq:
1. Özəl klinikalar üçün lisenziyalaşdırmanın nə dərəcədə ciddi aparılacağından – Hansı klinika hansı şərtlərə görə bu lisenziyanı ala biləcək?
2. Qiymətlərin və sosial əlçatanlığın necə tənzimlənəcəyindən
3. Dövlət nəzarətinin kağız üzərində yox, praktikada işləməsindən
Əgər bütün bu mexanizmlər düzgün qurularsa, Azərbaycanda daha çevik və pasiyent mərkəzli onkoloji sistem formalaşa bilər. Əks halda, xərçəng müalicəsi sosial xidmət yox, bahalı kommersiya bazarına çevrilə bilər. Hesab edirik ki, bu mərhələdə əsas məsələ qanunun qəbulundan çox, onun necə icra olunmasıdır...
Azər
Medicina.az