“Badam Medical Center” DOST-da ödənişsiz göz müayinəsi keçirir

  • 2023.07.21 17:59
  • 2521 Baxış
“Badam Medical Center” DOST-da    ödənişsiz göz müayinəsi  keçirir

“Badam Medical Center” DOST mərkəzlərində “Ödənişsiz göz müayinəsi günləri” aksiyası keçirir. Aksiya DOST mərkəzlərinə müraciət edən bütün vətəndaşlar və mərkəzlərin əməkdaşları üçün nəzərdə tutulub. Müayinələr 4 saylı Bakı DOST mərkəzindən başlayıb. Mərkəzin binasında ən müasir oftalmoloji cihazlar quraşdırılıb. Göz müayinələri peşəkar oftalmoloq-cərrahlar tərəfindən saat 9:00-dan 17:00-dək aparılır. Aksiya ilk gündən vətəndaşlar və əməkdaşlar tərəfindən böyük maraqla qarşılanıb.



"Medicina" xəbər verir ki, DOST mərkəzinə müraciət edən vətəndaşlar könüllülər tərəfindən məlumatlandırılaraq müayinələrin aparıldığı guşəyə yönləndirilir. Vətəndaşlar burada qeydiyyatdan keçdikdən sonra ödənişsiz göz müayinəsindən keçirlər.

Gündəlik 100-ə yaxın vətəndaşın göz müayinəsi aparılır, onlara həkimlər tərəfindən müvafiq məsləhətlər verilir, eynək və müalicə üçün reseptlər yazılır. Cərrahi müdaxiləyə ehtiyacı olan vətəndaşlara isə “Badam Medical Center”də icbari tibbi sığorta ilə ödənişsiz əməliyyat oluna biləcəkləri haqqında məlumat verilir, onlara bu barədə bukletlər paylanılır.

Qeyd edək ki, müayinələr qarşıdakı günlərdə də davam edəcək. “Badam Medical Center” aksiyanın önümüzdəki həftədə, 24-28 iyul tarixlərində də 4 saylı Bakı DOST mərkəzində davam edəcəyini nəzərə alaraq, gözlə bağlı problemi olan vətəndaşları bu mərkəzə gələrək aksiyadan yararlanmağa çağırır.

Gözlərinizi peşəkar oftalmoloq heyəti tərəfindən ödənişsiz müayinə etdirmək üçün 24-28 iyul tarixlərində, saat 9:00 dan etibarən Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov 3103 ünvanında yerləşən 4 saylı Bakı DOST mərkəzinə gələ bilərsiniz.

Aksiyanın növbə ilə bütün DOST mərkəzlərində keçirilməsi nəzərdə tutulur.