Bağırsaq sağlamlığını yaxşılaşdırırlar - Möhtəşəm dördlü

  • 2024.07.09 21:01
  • 527 Baxış
Bağırsaq sağlamlığını yaxşılaşdırırlar -  Möhtəşəm dördlü
Lifli qidalar, qəhvə istehlakı, müntəzəm fiziki fəaliyyət və yaxşı yuxu bağırsaqda bakteriya müxtəlifliyini artırmağa, bağırsaq funksiyasını yaxşılaşdırmağa kömək edir.

Medicina.az xəbər verir ki, bu barədə “Daily Mail”ə britaniyalı dietoloq Emili Liminq məlumat verib.

Həkim bildirib ki, balanssız bağırsaq mikrobiomu demensiya, Parkinson xəstəliyi, depressiya, təşviş pozuntusu və metabolik xəstəliklərin (məsələn, şəkərli diabet) inkişafı üçün risk faktoru ola bilər.

“Bu, çoxsaylı tədqiqatların nəticələri ilə sübut edilib. Alimlər deyirlər ki, bağırsaq mikrobiomunun əhval-ruhiyyəyə, stress müqavimətinə, fiziki və psixi sağlamlığa təsir etmək qabiliyyəti “bağırsaq-beyin oxu” ilə bağlıdır. Bu termin mərkəzi sinir sistemini və mədə-bağırsaq traktını birləşdirən iki istiqamətli neyroendokrin əlaqələr sisteminə aiddir”, – deyə dietoloq diqqətə çatdırıb.

Onun sözlərinə görə, sağlam bağırsaq mikrobiomu yaddaşı, diqqəti, öyrənməni, zehni qıvraqlığı, bir sözlə ümumi rifahı yaxşılaşdırmağa kömək edir:

“Bakterial müxtəlifliyi artırmaq və orqan funksiyasını yaxşılaşdırmaq üçün liflə zəngin qidaları daha çox istehlak etməlisiniz. Onlar tərəvəzlərdə, meyvələrdə, paxlalılarda və dənli bitkilərdə olur. 2023-cü ildə Nutritional Neuroscience jurnalında dərc edilən araşdırmaya görə, gündəlik istehlak edilən hər beş qram lif ümumi depressiya riskini 5% azaldır”.

Həkim qeyd edib ki, yuxu rejiminə riayət etmək və müntəzəm məşq də eyni dərəcədə vacibdir.

“Məsələ burasındadır ki, bunlar bağırsaqlarda lazımlı bakteriyaların sayının artması ilə əlaqələndirilir. Məşq bağırsaqlara və beyinə qan axınını artırır, onları oksigen və qida maddələri ilə təmin edir”.

Doktor Liminq qeyd edib ki, gündə bir-iki fincan qəhvə də bağırsaqlara faydalı təsir göstərir.

“Tədqiqatlar göstərib ki, müntəzəm olaraq qəhvə içən insanların bağırsaq bakteriyası daha müxtəlifdir. Çox güman ki, bu faydalı təsir qəhvənin tərkibində polifenolların (faydalı iltihabəleyhinə bioloji aktiv birləşmələr) və lifin yüksək olması ilə əlaqədardır”, - deyə dietoloq vurğulayıb.


Aysel