Bakıda bu həkimin rəhbər vəzifə tutması qadağan edildi

  • 2023.11.15 11:20
  • 6650 Baxış
Bakıda bu həkimin rəhbər vəzifə tutması  qadağan edildi
2018-ci ildə dələduzluq və rüşvət verməyə görə barəsində cinayət işi açılmış və 5500 manat cərimə cəzasına məhkum edilmiş C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həkim kardioloqu Yeganə Osmanovanın yenidən cinayət törətməsi üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin ildə vəzifədən azad edilən və 2019-cu ildə məhkum edildiyi 5500 manat cəriməni ödədikdən sonra işinə bərpa edilən həkim barəsində Cinayət Məcəlləsinin 308 və 313-cü (vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə iş başlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, rüşvətə görə cəzasını ödədikdən sonra əvvəlki işinə geri qayıdan Y.Osmanova bir neçə vətəndaşın saxta yolla əlillik dərəcəsi almasına kömək edib. O, rəsmi sənədlərə uydurma məlumatlar daxil edərək həmin şəxslərin 2022-ci ilədək saxta yolla əlillik müavinəti almasına nail olub və büdcəyə xeyli miqdarda ziyan vurub.

Həkimin barəsində yenidən cinayət işi açılması ilə o, sözügedən institutdakı vəzifəsindən azad edilib.

Yeni cinayət işinin materialları Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə 1978-ci il təvəllüdlü Yeganə Osmanova bu dəfə 4 min manat cərimə edilib.

Bununla yanaşı o, 1 il 6 ay müddətə səhiyyə-tibb sahəsində rəhbər vəzifə, o cümlədən tibb-ekspert komissiyasının rəhbər və ya üzvü olmaqla rəy vermək hüquqlarından məhrum edilib.