Belə bir həkim var… - Resepti: elm, ümid, insan

  • 2026.07.26 09:59
  • 143 Baxış
Belə bir həkim var… -  Resepti: elm, ümid, insan

Bir az əvvəldən başlamalıyıq… 2025-ci ilin dekabrından.

Türkiyədə keçirilən beynəlxalq onkologiya konqresində Orta Asiya ölkələrindən və Türkiyədən yüzlərlə alim iştirak edirdi. Azərbaycandan tədbirə 19 həkim qatılmış, 12 elmi araşdırma təqdim olunmuşdu. Günün sonunda münsiflər heyəti qalib məruzənin müəllifinin adını açıqladı. Birinci yer Azərbaycanı təmsil edən onkoloq, tibb üzrə fəlsəfə doktoru Elçin Mansurova verildi.



Bu, hər bir alim üçün qürurverici an idi. İllərlə aparılan tədqiqatın beynəlxalq səviyyədə qiymətləndirilməsi, həmkarların alqışı, pul mükafatı - 25 min Türkiyə lirəsi.



Araşdırmada süd vəzi xərçəngi diaqnozu qoyulmuş 1000 azərbaycanlı qadının tibbi məlumatları təhlil edilmişdi. Alimlər ilk menstruasiya yaşı, doğum sayı, əmizdirmə müddəti, abort və düşük kimi ginekoloji amillərin xəstəliyin gedişinə təsirini araşdırmış, əldə olunan nəticələr isə gələcək tədqiqatlar üçün yeni elmi istiqamətlər müəyyənləşdirmişdi. Məhz elmi yeniliyi və praktik əhəmiyyətinə görə bu iş beynəlxalq konqresin qalibi seçildi.


Amma Elçin Mansurovu tanıyanlar üçün əsas xəbər mükafatın qazanılması deyildi.

Əsas xəbər o mükafatın sonrakı taleyi idi.
Elçin Mansurov həmin gün qazandığı mükafatla deyil, verdiyi qərarla yadda qaldı. O, mükafat kimi aldığı pul vəsaitini Azərbaycanda onkoloji xəstə uşaqların müalicəsinə bağışladı. Və qərara gəlindi ki, gələcəkdə elmi fəaliyyət nəticəsində əldə ediləcək mükafatlar və digər gəlirlər də uşaq onkologiyasının inkişafına yönəldiləcək.

Bu qərar ani emosiyanın nəticəsi deyildi. Onu yaxından tanıyanlar yaxşı bilirlər ki, Elçin Mansurov üçün elm heç vaxt yalnız elmi uğur qazanmaq vasitəsi olmayıb. O, biliyin də, qazancın da, uğurun da yenidən insana qayıtmalı olduğuna inanıb.

Daha əvvələ getsək - 1989-cu ildə Azərbaycanın Milli Azadlıq Hərəkatı başlayanda Elçin Mansurov hələ gənc həkim idi. Azadlıq meydanında yüz minlərlə insan müstəqillik arzusu ilə toplaşmışdı. Günlərlə meydanda qalan insanların ərzaq və digər zəruri ehtiyaclarının qarşılanması üçün təşkil olunan ianələrə o da qoşulmuşdu. Həmin yardımın qəbzini isə bu günə qədər qoruyub saxlayır.

Bəzən adi görünən bir kağız parçası insan ömrünün ən qiymətli xatirəsinə çevrilir. Elçin Mansurov üçün də həmin qəbz belə bir mənəvi dəyər daşıyır. Çünki o günlər onun həyatında təkcə vətəndaş mövqeyini deyil, sonrakı ömrünün dəyişməyən prinsipini formalaşdırıb və bu prinsip sonrakı illərdə də dəyişməyib.

Birinci Qarabağ müharibəsi dövründə ordumuza dəfələrlə maddi dəstək göstərib. Pandemiya illərində ehtiyac içində olan ailələrə yardım edib. 44 günlük Vətən müharibəsi zamanı müxtəlif təşəbbüslərlə Azərbaycan Ordusunun yanında olub.

Müharibədən sonra isə şəhid ailələri və qazilər üçün yaradılmış YAŞAT Fonduna müəllifi olduğu “Kim üzr istəməlidir?” kitabının satışından əldə olunan beş min manatdan artıq gəliri bağışlayıb. Bununla kifayətlənməyərək, uzun illərdir şəxsi maaşından da mütəmadi olaraq fonda ianə köçürür.



“Kim üzr istəməlidir?” kitabı müəllifin publisistik baxışının məhsuludur. Burada Azərbaycanın haqq savaşı, erməni vandalizmi və tarixi həqiqətlər faktlara söykənərək təqdim olunur. Kitabın gəlirinin də şəhid ailələrinə və qazilərə yönəldilməsi müəllif üçün sözlə əməl arasında fərq olmadığını göstərir.

Lakin zaman keçdikcə onun həyatında başqa bir ağrı daha çox yer tutmağa başlayıb. Bu, onkoloji xəstə uşaqların taleyi idi.

Otuz ildən artıqdır xərçənglə mübarizə aparan həkim hər gün xəstəxana divarları arasında valideynlərin ümidi, uşaqların ağrısı və həyat uğrunda mübarizə ilə üz-üzə qalır. Bəlkə də buna görə Türkiyədə qazandığı mükafatı tərəddüd etmədən həmin uşaqlara bağışladı.

Sonralar müxtəlif elmi mükafatlardan, müəllifi olduğu kitablardan əldə etdiyi qonorarları və digər müəllif gəlirlərini də eyni məqsədə yönəltdi. Bu gün də kitablarının qonorarı Uşaq Onkologiyası şöbəsinə ianə olunur.

Kitab təqdimatlarının birində söylədiyi sözlər onun həyat fəlsəfəsini ən dəqiq ifadə edir:

“Biz artıq ikinci dəfədir kaitabdan əıdə olunan gəliri ianə kimi şöbəyə təqdim edirik. Məqsəd reklam olinmaq deyil, diqqəti bu sahəyə çəkməkdir. İstəyirik insanlar bilsinlər ki, Azərbaycanda yüzlərlə onkoloji xəstə uşaq var. İmkanlı vətəndaşlarımız gücləri çatan qədər onlara dəstək olsunlar”.



1989-cu ildən Milli Onkologiya Mərkəzində çalışan həkim bu illər ərzində minlərlə xəstənin müalicəsində iştirak edib. Onun peşə fəaliyyəti yalnız müalicə otağı və ya konsultasiya kabineti ilə məhdudlaşmayıb. Hər gün həyatla ölüm arasında mübarizə aparan insanların yanında olmaq, onların ümidi itirməsinə imkan verməmək həkimlik peşəsinin görünməyən, amma ən ağır tərəfidir.

Uzun illərdir, eyni zamanda Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun Onkologiya kafedrasının assistenti olan Elçin Mansurov yüzlərlə gənc həkimin yetişməsinə də töhfə verib.

Onun üçün tibb yalnız xəstəni müalicə etmək deyil. Tibb həm də yeni bilik yaratmaq, araşdırmaq və öyrətməkdir.

Məhz buna görə elmi fəaliyyət həmişə onun həyatının ayrılmaz hissəsi olub.

Onkologiyaya dair çoxsaylı elmi məqalələrin müəllifi olan Elçin Mansurovun araşdırmaları beynəlxalq elmi jurnallarda dərc edilib. Müxtəlif ölkələrdə keçirilən konqres və simpoziumlarda Azərbaycan elmini təmsil edib, dünyanın aparıcı mütəxəssisləri ilə təcrübə mübadiləsi aparıb.

Bütün bunlarla yanaşı, sağlam qidalanma, həyat tərzi, bağırsaq mikrobiomu, profilaktika və uzunömürlülük mövzuları da illərdir araşdırmalarının əsas istiqamətlərindəndir.



Bu istiqamətdə görülən ən böyük işlərdən biri akademik Cəmil Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış “Qidalanma və digər amillərlə onkoloji və yanaşı gedən xəstəliklərin əlaqəsi. Süni intellekt əlavə nə deyir?” adlı fundamental elmi nəşrdir.

Əvvəlcə cəmi iki yüz səhifə kimi nəzərdə tutulan layihə zaman keçdikcə iki min səhifədən artıq həcmə malik sanballı elmi əsərə çevrilib.



Elçin Mansurov həmin prosesi belə xatırlayır:

“Cəmil müəllim qidalanmaya dair kitab hazırlanması təşəbbüsü ilə çıxış etdi. Planımız cəmi 200 səhifəlik kitab idi. Lakin Cəmil müəllimin tövsiyələri və tapşırıqları nəticəsində yekunda 2000 səhifəlik əsər ərsəyə gəldi.”

Onun sözlərinə görə, kitabın əsas üstünlüyü müxtəlif beynəlxalq elmi araşdırmaların, müəlliflərin klinik təcrübəsinin və müasir süni intellekt texnologiyalarının təqdim etdiyi məlumatların vahid elmi mənbədə birləşdirilməsidir. Bu səbəbdən nəşr həm tələbələr, həm həkimlər, həm də tədqiqatçılar üçün dəyərli mənbə hesab olunur.

Akademik Cəmil Əliyev də təqdimat zamanı vurğulayıb ki, müasir onkologiyada düzgün qidalanma, profilaktika, həyat tərzi və ekoloji amillər bəzən müalicənin özü qədər əhəmiyyətlidir. Məhz bu yanaşma kitabın əsas ideyasını təşkil edir.

Bu gün Elçin Mansurovun müəllifi olduğu kitabların sayı artmaqda davam edir. O, klinikada qazandığı təcrübəni kitablara çevirir, kitabları isə gələcək həkimlərin və tədqiqatçıların istifadəsinə təqdim edir.



Onu tanıyan həmkarları ilk növbədə peşəkarlığından danışırlar. Pasiyentləri isə daha çox insani münasibətini xatırlayırlar. Çünki bəzən həkimin ən böyük gücü yazdığı reseptdə deyil, xəstəsinə verdiyi inamda olur.

Elçin Mansurovun həyatı təkcə bir həkim həytı deyil. Onun həyatı həkimliklə yanaşı həm də təcribəsini, elmini kitablarıyla gələcəyə çatdırmaq, yeni nəsil həkimlər yetişdirmək, qazandığını cəmiyyətlə bölüşmək və insanlara sağlam həyatın dəyərini anlatmaqdır.






Elçin
Medicina.az