Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı – Mükafat xəstə uşaqlara bağışlandı – FOTO

  • 2025.12.26 16:02
  • 238 Baxış
Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı  – Mükafat xəstə uşaqlara bağışlandı – FOTO



Azərbaycanlı həkimlər, Milli Onkologiya Mərkəzinin əməkdaşları Şimali Kiprdə keçirilən II Avrasiya İnterdisipliner Onkologiya Konqresində ölkəmizi təmsil ediblər. Konqresdə Orta Asiya ölkələrindən, Türkiyədən çox sayda alim və həkim iştirak edirdi. Azərbaycandan isə 19 həkim qatılmışdı və 12 elmi məqalə təqdim edilmişdi.

Medicina.az xəbər verir ki, konfransa təqdim olunan çoxsaylı elmi məqalələr arasında Azərbaycan nümayəndə heyətinin işi birinci yerə layiq görülüb . Qeyd edək ki, elmi araşdırma Milli Onkologiya Mərkəzinin direktoru, professor Cəmil Əliyevin elmi rəhbərliyi ilə aparılmışdır.

Münsiflər heyətinin qərarı ilə seçilən poster bildirişi yeniliyi və praktik əhəmiyyəti baxımından yüksək qiymətləndirilib və 2500 TL məbləğində pul mükafatı qazanıb. Azərbaycanlı həkimlər bu mükafatı On Uşaq onkologiyası şöbəsinə bağışlamaq barədə qərar veriblər. Yeni il ərəfəsində 1000 azn mükafat uşaq şöbəsinə hədiyyə olunub. Qeyd olunub ki, gələcəkdə elmi fəaliyyət nəticəsində əldə edilən mükafat və gəlirlər uşaq onkologiyasının inkişafına yönəldiləcək.
Qalib seçilən elmi məqalə nə ilə seçilir?

Bu elmi işdə süd vəzi xərçəngi diaqnozu qoyulmuş 1000 azərbaycanlı qadının tibbi göstəriciləri araşdırılıb. Tədqiqat çərçivəsində ginekoloji anamnez göstəricilərinin — ilk menstruasiya yaşı, doğum sayı, əmizdirmə müddəti, abort və düşük hallarının xəstəliyin mərhələlərinə təsiri təhlil olunub. Araşdırmanın nəticələrinə əsasən, bu göstəricilərin təkfaktorlu analizdə xəstəliyin gedişinə həlledici proqnostik təsiri müəyyən edilməyib.

Alimlər daha geniş, çoxfaktorlu araşdırmalara ehtiyac olduğunu bildiriblər.
Azərbaycanlı həkimlərin bu uğuru beynəlxalq elmi platformada ölkəmizin tibb elminin potensialını nümayiş etdirməklə yanaşı, eyni zamanda elmin sosial məsuliyyətlə birləşməsinin nümunəsi kimi qiymətləndirilir.


Aygün M
Medicina.az